Balaca gəmilərin kapitanı
Gedər uzaqlara iri gəmilər,
Balaca gəmilər utanar.
Balaca gəmilərin kapitanları
Balaca qızların əri olsa da
Özünü yaxşı hiss etməzlər.
Necə sevinsinlər axı
Belə gəmiçiyə qız gələr?
Gəmiləri sahillərdən uzağa
Getməzlər,
Okeanlara üzməzlər.
Tufan üzü görməzlər,
Qəzalara uğramazlar,
Balaca gəmilərin kapitanları
Qəhrəman ola bilməzlər.
Gələndə iri gəmilər,
Kapitanları dağ boyda
Tufan görmüş kişilər,
Düşərlər gəmidən
Üzü aşağı.
O gün balaca gəmilər
Durarlar başı aşağı…
Balaca kapitanlar utanarlar deyə,
Işə gəlməzlər.
Adını da
Qoyarlar
Guya dənizdə tufan var.