Yorğun külək
Külək səbrsiz-səbrsiz elə əsir,
illərlə qürbətdə can çürüdən
qəribdi sanki,
evinə çatmağa tələsir.
Hardasa bir ağac qırılır
Torpağın bətnindən,
çiçək-çiçək ümidləri qırılır
ağacın…
Bir-birinə calanmış, yamanmış
elektrik naqilllərinin
qırılıb başına düşəcəyindən qorxur
sağ ayağını
bir zaman düşmənin at oynatdığı yurda
əmanət edən
Sadiq kişi…
Düşmən gülləsindən qoruduğu canı
nazik bir telə qurban verəcək?
Bir ayağa qlıb ümidi,
onu da
əsən yelə qurban verəcək?
Dərsini bilməyən uşaq kimi
tir-tir əsir külək,
kimdən qorxur, nədən qorxur?
Qorxduqca
daha da qorxulu olur…
Şiddəti artdıqca küləyin
artır həyəcanı,
artır təşvişi,
qoltuq ağacıyla asfaltı döyə-döyə
evinə tələsir Sadiq kişi…
Təki sən gəl…
Hava da soyudu
günəş getdi
sən gedən yerə.
Günəşi görməyən ürəyim
Heç üşümədi ki
sənin sevginlə yaşadı
səninlə yaşadı…
Sığındı sənin xəyalına
Isindi…
Bir azdan günəş də doğacaq
Sən də dönəcəksən geri.
Gəl,
təki gəl!
Günəş də gəlsin səninlə…
Niyə uzağıq bir-birimizdən,
niyə?
Bu qədər yaxınkən
o qədər uzaq olmaq
ayrılıqla qol-boyun
yaşamaq nədəndir axı?