Ədəbiyyatımızın Rəşad Məcidi…

Azərbaycan ədəbiyyatında sayılıb seçilən şairlərdən biri də Rəşad Məciddir. Həmişə gülərüz və xoş simasıyla günəş kimi həm ədəbiyyatımıza, həm də hər qaranlıq gecəmizə işıq saçır.Şair və şəxsiyyət kimi bütün yaxşı və yaraşan cəhətləri özündə birləşdirir.
Şeirlərində gözəlliyə, eşqə və məhəbbətə, cəmiyyət və zaman anlayışlarına böyük dəyər verir,onu mənalandırır.

Bir də gəlməyəcək, sənintək qadın,
Nə mənim dünyama, nə bu dünyaya.

Və yaxud:

Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk qadın.
(“Bir də gəlməyəcək…”)

Qadını bundan gözəl ülvi hislərlə təsvir etmək olarmı?!Məncə,çağdaş poeziyamızda Rəşad Məcidin bu şeiri birincilər sırasında cəmliyi deyil, elə təkliyin sinvolu olan birincidir ! Bütün ilahi eşq, qadının Tanrının yaratdığı ən yaxşı varlıq kimi hər iki dünyadan da gözəl olması,gülə və çiçəyə gözəllik verməsi, qadın saflığının zərif və nəcib cəhətləri özündə birləşdirməsi bu şeirin əsas ideyasını təşkil edir.

“”Eyniyik”, “Qala-Adam”, “Bir günəş eylə…”, “Kimsəsiz ev…” şeirləri də möhtəşəmliyi ilə seçilir.Sevdiyim şeirlərdir və hamısını əzbər bilirəm.

Adamı daş adamlardan,
Qala-adam alsın gərək!
(“Qala-Adam”)
Ürəyəyatımlı misralardır.Dəyərli adamların daxilinə enib ən gözəl cəhətləri səciyyələndirir.Qəlbi daş,əqidəsi zəif insanları isə qala kimi hünərli, əzəmətli,qürurlu olmağa səsləyir.

Nə qədər eynidi addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?
(“Eyniyik”)
Hər şeyin əksi bir eynilikdir.Şeirdə deyildiyi kimi
bütün addım səsləri , günəşlə kölgənin bəşər yaranandan ta bu günə qədər bir-birini tərk etməməsi, kişiylə qadının sevgi münasibətləri eyniliyin təcəssümüdür.

Qolla fərmanını, əmrini qolla,
Çıxaram sınaqdan – testini yolla,
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.
(“Bir günəş eylə…”)
Səmimi şeirdir.Sevgi notları üzərində qurulub.Məncə,şair demək istəyib ki,
ürəkdən-ürəyə yol tapmaq, qaranlıqdan işığa çıxmaq, Tanrının yerdəki əziz bəndəsi olmaq sevgiylə qazanılır.

Kimsəsiz ev eyvanından bəlli.
Qəlbimdə
boş otaqların
qulaq tutulan səssizliyi –
Üzümdən bəlli sevmədiyim.
(“Kimsəsiz ev…”)
İctimai məzmunlu və taleyüklü bir şeirdir. Kimsəsiz ev məfhumu çox ağrılı və təsirlidir.Həm də sahibsiz ev işğal olunmuş torpaq kimidir.Hər tərəfində bir səssizlik hökm sürür.Şair bu şeirində insanları həmin səssizlikdən ibrət almağa çağırır.

21 avqust 2021-ci il hörmətli Rəşad Məcidin 57 yaşı tamam olur.Həm sevinirəm,həm də kədərlənirəm.Sevinirəm ona görə ki, artıq müdrikləşir.Kədərlənməyimə səbəb odur ki, bir yaş da qocalır.Neynəmək olar? Həyatın qanunu belədir.Bütün bunlara baxmayaraq dəyərli şairə möhkəm can sağlığı və qalan ömrünü də mənalı yaşamağı arzulayıram.
Yaşayın və yazıb-yaradın, əziz insan !

Allahşükür Ağa