Nə mən bildim, nə sən bildin o zaman
Ayrılıq bizə bir də verməz aman.
Aylı gecə ,bir qız idi,bir oğlan
Şəkil kimi dayanmışdı üz-üzə
Olan-olub,keçən-keçibdir daha
Vaxtı deyil nə danışım mən sizə.
Qəddar oldu, zalım oldu bəxtimiz
Necə keçdi sevgi dolu vaxtımız.
Vaxtsız düşdü,qəfil düşdü şaxtamız
Həsrət qaldıq bir günəşli gündüzə.
Olan-olub,keçən-keçibdir daha
Vaxtı deyil nə danışım mən sizə.
Ah, taleyin hökmü necə amansız
Aldı səni,aldı məndən zamansız.
Necə deyim şirin dillə bir qansız
Girov alıb ömrü ağır faizə.
Olan-olub,keçən-keçibdir daha
Vaxtı deyil nə danışım mən sizə.
Yaraşırdıq,bəyənərdi dost-tanış
Təkcə bizi arayardı hər baxış.
Niyə yağdı yolumuza qar-yağış
Niyə gəldik belə vaxtsız biz gözə?
Olan-olub,keçən-keçibdir daha
Vaxtı deyil nə danışım mən sizə.
Təqvimdə günləri-bir-bir cırmışıq
Ayları-illəri başa vurmuşuq.
Hərəmiz bir ayrı dünya qurmuşuq
Bir də görüşməyimiz olar möcüzə.
Olan-olub,keçən-keçibdir daha
Vaxtı deyil nə danışım mən sizə.
Namik Xınalıqlı