Bir körpə var idi Kəpənəkçidə,
Sevgisi dumduru bir bulağıydı.
Hələ qayğılarla yüklənməmişdi,
Hələ qayğılardan çox uzağıydı.
Məhəbbət dərində, istək dərində,
Hərə öz işində, dərdi-sərində.
Nənələr, babalar həndəvərində,
Bir evin gözündə şam çırağıydı.
Hələ içəridən yeyilməmişdi,
Köntöy baxışlarla döyülməmişdi.
Hələ yetimliyə əyilməmişdi,
Ana gümrahıydı, ata sağıydı.
Elə bil dünəndi çəndə itdiyi,
Gözə görünmədi vaxtın ötdüyü.
Görüb götürdüyü, gəlib getdiyi,
Qışda aranıydı, yayda dağıydı.
Yamyaşıl çəmənlər nəşəsi idi,
Bulaqlar aynası, şüşəsi idi.
Hər səhər gül dərmək peşəsi idi,
Güllər qucağında bir qucağıydı.
Çox zaman gecələr çöldə yatardı,
Şehə bələnərdi, suya batardı.
Tonqal qalayardı, ocaq çatardı,
Özü də bir parça od-ocağıydı.
Çiçəyə baxardı, çiçəklənərdi,
Göyçəyə baxardı, göyçəklənərdi.
Mamırlı daşlara dirsəklənərdi,
Üst-başı həmişə toz-torpağıydı.
O günlər əlindən tutası deyil,
Əli o günlərə çatası deyil.
Onda dörd övladın atası deyil,
Zəlimxan utancaq bir uşağıydı.