Üzdən ağladığım yadıma gəlmir,
Ağlasam, göz yaşım ürəkdən gəlib.
Sevgim də, sözüm də, məhəbbətim də,
Nə varsa beşikdən, bələkdən gəlib.
Gah sola boylandım, gah da ki, sağa,
Yeridim başıma qar yağa-yağa.
Qalxa bilmişəmsə uca bir dağa,
Bu, təmiz arzudan, diləkdən gəlib.
Varlığım titrəyər, ürəyim əsər,
Qəmli söz qəlbimi doğrayar, kəsər.
Qəriblər dilində saldığım əsər,
Durnanın saldığı lələkdən gəlib.
Ancaq özümündü itən sözlərim,
Haqqındı göyərib bitən sözlərim.
Yerin qulağına çatan sözlərim,
Göyün üzündəki lələkdən gəlib.
Sazla havalıyam, sözlə diriyəm,
Sevəndə bildim ki, eşqin piriyəm.
Xəstə Qasımların mən də biriyəm,
Mənə bu xəstəlik fələkdən gəlib.