Açın mənim qəlbimi, oxuyun kitab kimi,
Orda ilham adında cilvəli bir pəri var.
Təkcə nazlanmaq deyil onun işi, peşəsi,
Qayğıların içində min bir dərdi-səri var.
Duyğuların, hisslərin gah zilidi, gah pəsi,
Çeşmələrin, çayların, bülbüllərin səsidi.
İlham nə yaradırsa, Tanrı hədiyyəsidir,
Qələm adlı qızılı, dəftər adlı zəri var.
Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə,
Yuxusuz gecələrim ləzzət mənə, tam mənə.
Mən ona can verməsəm, can verməz ilham mənə,
Orda əlin qabarı, orda alnın təri var.
Söz qalxar qatar-qatar, söz gələr dəstə-dəstə,
Hər qatarın ruhunda təzə səs, təzə bəstə.
İlahi sovqatında, Allah verən nəfəsdə,
Yerlərin ağırlığı, göylərin ləngəri var.