Səhərləri açan kişi,
Aç səhəri, gecikdirmə.
Üfüqlərdən üstümüzə
Yağan zəri gecikdirmə.
Gecə laldı, qaranlıq kar,
Fikrim geniş, meydanım dar.
Səhərlərə səfərim var,
Bu səfəri gecikdirmə.
Sən balıq ver, tilov məndə,
Sən çınqı ver, alov məndə.
Sən bir at ver, cilov məndə,
Ağ kəhəri gecikdirmə.
Ölüm varsa, qalım yoxdur,
Ölüm qədər zalım yoxdur,
Bəd xəbərə halım yoxdur,
Xoş xəbəri gecikdirmə.
Bir gün toya, bir gün yasa,
Fürsət azdı, ömür qısa.
Dediklərim olmadısa,
Ver zəhəri, gecikdirmə.