Boylan, başın üstə yüksəkliyə bax, insan,
Əllərin çatmasa da, o uzaq səninkidir.
Yeridiyin yerləri yerişinlə möhürlə,
Ayağın altındakı bu torpaq səninkidir.
Doğan Günəş, yağan qar qismətədi, baxtadı,
Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.
Beşiyində ağacdı, tabutunda taxtadı,
Bu palıd səninkidir, o qovaq səninkidir.
Bir alın yazısı var hər kəsdə, hər adamda,
Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.
İstər sarayda yaşa, istər daxmada, damda,
Axırda məzar adlı dar otaq səninkidir.