Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz…
Yüz-yüz itən olsun,
Min bir də bitən var.
Şükür eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var!
–deyirdi Bəxtiyar Vahabzadə… Azərbaycan xalqının dünənindən miras aldığı düşüncə bulağının qaynarlığı ilə hər yaşda oxucusunun ruhuna toxuna bilən Xalq şairi. Yaradıcılıq günəşinin işığı nəinki mənsubu olduğu xalqın nümayəndələrinin, ümumbəşər təfəkkürü aydınlatmağa qadir sənətkarın doğulmasından 99 il ötür. Şəkinin Yuxarıbaş məhəlləsindəki zəhmətkeş ailədə dünyaya göz açmışdı Bəxtiyar Vahabzadə. Doğulduğu evin pəncərəsindən Şəkini əhatələyən dağlar görünürdü, həyətlərinin aşağısından sularını təbiətin şeiri kimi insanlara ərməğan edən Qurucana çayı axırdı. Bu gözəlliyə, bu qışı sərt, yazı-yayı ruh coşduran, payızı düşüncə döngələrinə rəng qatan bir məkanda doğulan insanın payına, əlbət ki, Tanrının xoş vaxtında yazdığı ömür düşməliydi! “İgid ömrü” ölçüsüzdür, el olaraq bilirik… Əsrin yaşıdı olmaqsa, ömür ölçüsü deyil, əbədiyyətin yarıaçıq qapısından görünən bir əlçim nurdur. Bəxtiyar Vahabzadənin əsrin yaşıdı olmasına bircə il qalır… Şairin 99 illiyi onun Şəkinin Yuxarıbaş məhəlləsində yerləşən ev-muzeyində şeirli, musiqili şəkildə qeyd olundu. 16 avqust 2024-cü ildə baş tutan “Ölümsüz ömür” adlı tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, AYB Şəki bölməsinin sədri Vaqif Aslan başda olmaqla, şəkili qələm sahibləri, İ.S.Nakam adına Şəki şəhər Mərkəzi Kitabxanasının əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin nümayəndələri, ziyalılar və ağsaqqallar iştirak etdi. Əvvəlcə, Xalq şairinin şəhərin mərkəzi parkında ucaldılan abidəsinin önünə gül dəstələri qoyuldu. Sonra tədbir iştirakçıları xalqımızın qədim-qayım alqışlarının birindən-“şen olsun” alqışından payını almış ev-muzeyinə sarı yol aldı. Şairin dillər əzbəri olan şeirləri söyləndi, Şəki şəhər 3 nömrəli musiqi məktəbinin şagirdləri tərəfindən sözlərinə yazılmış musiqilər səsləndirildi. Gülnar adlı gənc rəssamın müəllifi olduğu portretləri muzeyə hədiyyə etməsi Bəxtiyar Vahabzadənin özündən sonra bu xalqa qoyduğu mədəni irsin nəsildən-nəslə əmanət kimi ötürüldüyünün bariz nümunəsi idi.
Yaman darıxmışam…
Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım…
–deyən şairin adını tutub ev-muzeyinə gələnlər də darıxdı; şairin lentə yazılmış səsini eşitmək, kitablarını bir daha vərəqləmək, ev-muzeyindəki yazı masasına sığal çəkmək, yarımçıq əlyazmasına bir “ah” çəkərək göz atmaq üçün… Ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli “Şair ocağı” adlandırdığı ev-muzeyini, sözün həqiqi mənasında, xalqın sərvəti kimi qorumaqda və qapısını Bəxtiyar Vahabzadənin xatirəsinin işığına gələnlərin üzünə gülərüzlə açmaqdadır. Qeyd etdiyinə görə, şairin 100 illiyi ilə bağlı təkliflər planı da hazırdır: -“Ocağında daim işıq olsun!” deyirdi ulularımız. Bu yurd, bu ocaq da bizə əmanətdir. İşığını qorumaq könül borcumuzdur. 99 il bundan əvvəl bu evdən, bu güllü-çiçəkli, dağların qənşərində nazlanan həyətdən kainata Azərbaycan, eləcə də, dünya ədəbiyyatına öz qələmilə zənginlik qatan şair ruhu havalandı. Şairin 100 illiyi üçün yeni fikirlərimiz, təkliflərimiz var. “Bəxtiyar Vahabzadə və müasirləri” adlı bir layihə həyata keçirmək istəyirik. Şairin həmçağları olan şair və yazıçılarla yaradıcılıq münasibətlərinə aid yazılar, videoçarxlar hazırlamaq niyyətindəyik. Muzeyin cari təmiri, eksponatların zənginləşdirilməsi, tərtibatın dəyişdirilməsi məqsədilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət Nazirliyinə təklif vermək də 2025-ci il üçün nəzərdə tutulan planlara daxildir. Bəxtiyar Vahabzadənin “İstiqlal” kitabının təkrar nəşr edilməsini arzulayırıq. TÜRKSOY-un Bəxtiyar Vahabzadə haqqındakı qərarlarını nəzərə alaraq Türk dünyası şairlərini, o cümlədən, Cənubi Azərbaycan şairlərini, Türk dövlətlərinin ölkəmizdəki səfirlərini muzeyə dəvət etmək də gözəl olardı.”
Bəzən soruşuram özüm-özümdən:
“Neçə il yaşamaq istəyirəm mən?”
Yüz il, yox, beş yüz il, min il,
On min il, yüz min il, milyon il…
Yox, yox, bəs deyil!
Sonu olan ömür istəmirəm mən!
Çıxaraydım zamanı çərçivəsindən!
— deyən şair zamanı çərçivəsindən çıxarmağı bacardı! El dilində desək, hacatı qələmi, höcətliyi zamanı aşan düşüncəsi, təbi oldu!
Şəfa Vəli (Şəki)