27 dekabr 2024-cü ildə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Vətən sizə oğul dedi” kitabının 1-ci və 2-ci hissəsinin təqdimatı keçirilib. Təqdimatda şəhid ailələri, qazilər, idarə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Baş Komandanın Vətən müharibəsi haqqında, şəhid və qazilərin bu müharibədə göstərdiyi fədakarlıqları barədə söylədiyi fikirləri əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə igid oğullarımızın qəhrəmanlıqlarından, ordumuzun yenilməzliyindən, dünyanı heyrətə salan uğurlu hərbi əməliyyatlardan danışıblar. Vurğulanıb ki, Şəki Tibb Kollecinin tələbələrinin, məzunlarının və əməkdaşlarının qələmə aldığı kitab vətən aşiqləri olan qəhrəman oğulların rəşadətinə, vətənpərvərliyinə, hünərləriylə yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır. Qeyd edək ki, “Vətən sənə oğul dedi” kitabı “Vətən məcnunları” layihəsi çərçivəsində çıxan silsilə kitabların növbətisidir. Layihənin ideya müəllifi və tərtibatçısı Şəki Tibb Kollecinin bölmə rəhbəri Pərvanə Məmmədova, redaktoru AYB-nin üzvü Şəfa Vəlidir. Kitablara ön sözləri isə Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı və Şəfa Vəli yazıblar. Kitablarda könüllərindəki Vətən sevdasıyla ömrün fövqünə yüksələnlərin hekayələri yer alıb. Qazi və müharibə iştirakçılarının hər biri bu hekayələrin, həm də Azərbaycan xalqının qəhrəmanıdır. Rəsmi hissədən sonra bu qəhrəmanlara kitab və Fəxri fərmanlar təqdim edilib. Qazilərin və tibb kollecinin tələbələrinin ifasında vətənpərvər ruhlu şeirlər, mahnılar, rəqslər ifa olunub.

Şəfa Vəli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir