Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Tələbəlik”

This image has an empty alt attribute; its file name is neriman-hesenzade-300x227.jpg

Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.

Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim köhnə pencəyi,
Qolu gödək oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
Heç kim bilməsə də qonşular bilir.

Bəzən ac da qaldım daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şerim qəzetə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.

Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin qəmin.
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkməmin.

Gülmə, görməmisən o sevinci sən,
Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
Bir də bilirsənmi mən o sevincdən
Dünyada heç kəsə arzulamıram.

Oldu sevincim də, oldu qəmim də.
Bir tələbə qıza könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
Seminar dərsitək əzbərləyirdim.

Deyirdim, nə qədər baha olsa da,
Gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dərsə arabir.

Qoy indi ağrısın vicdanın varsa —
Girdi aramıza onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailə qədər.

Fikir ver hökmünə sən misalların,
Deyir su quyunun dibində olur.
Hayıf ki, ürəyi bəzi qızların
Başqa oğlanların cibində olur.

Qoy bir sözdə deyim, çıxarma yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi.
Ömrün yolları da pilləkan kimi
Gendən ucalara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
Gör ki, necə gəlib, necə qalxmışam.

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölsün birdəfəlik bu adətiniz”

This image has an empty alt attribute; its file name is neriman-hesenzade-300x227.jpg

Toyda oynadılar,ürək açdılar,
Sonra gecəyarı dağılışdılar.
Yolda gileyləndi biri əlbəəl;

-Qız çörək yeyirdi.
-Mən ölüm?
-Sən öl!
-Oğlanı görmüşdüm neçə il əvvəl,-
Gəzənin biriydi.
-Mən ölüm?
-Sən öl!
-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.
-Mən ölüm?
-Sən öl!

Ölməyin,ölməyin,yazıqsınınz siz,
Ölsün birdəfəlik bu adətiniz.

Xalq şairi Zəlimxan YAQUB.”Gözəllik var olan yerdə”

This image has an empty alt attribute; its file name is zelimxanyaqub-300x200.jpg

Çirkin dönüb göyçək olar,
Qanqal dönüb çiçək olar.
İnsan dönüb mələk olar,
Gözəllik duyulan yerdə.

Qış gəlib yaza çevrilər,
Kötüklər saza çevrilər.
Qarılar qıza çevrilər,
Gözəllik duyulan yerdə.

Ümid coşar, həsrət ölər,
Yamanlığa dəvət ölər.
Kin susar, ədavət ölər,
Gözəllik duyulan yerdə.

Könül sevər, göz vurular,
Bulanlıq sular durular.
Dünya saflıqdan qurular,
Gözəllik duyulan yerdə.

Əridərik qəzəbləri,
Unudarıq əzabları.
Qazanarıq savabları,
Gözəllik duyulan yerdə.

Nə suç, nə də tamah olar,
Nə zor, nə də silah olar.
Şair dönüb Allah olar,
Gözəllik duyulan yerdə.

01.10.2004,
Cenevrə

Xalq şairi Zəlimxan YAQUB.”Dəli olmağıma bir addım qalıb”

This image has an empty alt attribute; its file name is zelimxanyaqub-300x200.jpg

Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.

Ömrümün bu yaşda nağılına bax,
Nağıldı, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.

Əl açar, sevgimin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.

Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.

İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.

Məcnun dərs oxuyub- kitabı Leyli,
Məcnun sərxoş olub- şərabı Leyli,
Məcnun dərdə düşüb- əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.

Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.

Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.

Xalq şairi Qabil.”Çadırlara alışmayın!”

Cərgə-cərgə, düzüm-düzüm,
Görüb qan ağlayır gözüm…
Millətimə budur sözüm:
Çadırlara alışmayın!

Nə gen-bolu, nə də darı,
Nə qırışı, nə hamarı…
Yığışdırın bu bazarı,
Çadırlara alışmayın!

Vurun, deşin dolu kimi,
Qırın tikan kolu kimi,
Uzaqlaşan dəli kimi…
Çadırlara alışmayın!

Əski-üskü dam-daşımız?!
Burda xeyir-şər aşımız?!
Qaraçı da yoldaşımız?!
Çadırlara alışmayın!

Burda tapmayın rahatlıq,
Bir dəqiqə, bir saatlıq,
Aman günü! El-elatlıq…
Çadırlara alışmayın!

İmarətə tən olsa da,
Pəncərəsi gen olsa da,
Dövrəsi gülşən olsa da,
Çadırlara alışmayın!

Tayfa deyil, millətik biz,
Bir evik, bir külfətik biz,
Saraylara şöhrətik biz
Çadırlara alışmayın!

Burum-burum qalxır tüstü,
Deməyiniz bu da bəsdi.
Məst etməsin sizi isti,
Çadırlara alışmayın!

Sən ey xalqım, ey diyarım,
Ey cavanım, ixtiyarım,
Ey didərgin balalarım,
Çadırlara alışmayın!

Barışqanlıq cinayətdir,
Lap bir anlıq — cinayətdir,
Alışqanlıq — cinayətdir,
Çadırlara alışmayın!
                           3 dekabr, 1993

Xalq şairi Qabil.”Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”

Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin,
Ağla sığan söhbəti,sözü var dəstəklərin.
Yardım bağlamasında özü var dəstəklərin,
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Səyi təqdirə layiq, rəyi  ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız….
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz.
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır,göz dolur Şəhid qəbirlərindən.
Düşünüb daşınıram ,özlüyümdə dərindən;
İntiqam ala bilməz, məzarları bəzəyən ehtiram çiçəkləri
Ümid sənədir ancaq ,Azərbaycan əsgəri!!!!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki,açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Xalq şairi Nəbi XƏZRİ.”Salatın-Rakviyem”

Baxdı atasının
tutqun üzünə,
O, gördü mehriban
baxışlarda qəm.
“ – Ata, Qarabağa gedirəm yenə.
Ceyhun əmanəti…
əyər gəlməsəm…”
“ – Sən nə danışırsan?
Bu sözlər nədir?
Belə bəd hisslərdən
ay qızım, əl çək”Qızın ürəyindən
axdı bir fikir:
“Həmişə güllələr
yan keçməyəcək!”
Ata gözlərində
yaş gilələndi,
Öpərək qızını
kədərlə dindi:
“ – Mən oğul istədim
ilk övladımı,
Dedim Soltan qoyum
onun adını.
Sən gəldin, can qızım,
mehriban qızım,
Mənə ilahidən
ərmağan qızım,
Dedim ki, Soltana
yaraşsın adın.
Odur ki, çağırdım
səni, Salatın!Mən oldum səninlə
Bəxtəvər, qızım.
Mənim yüz kişiyə
Bərabər qızım!”
Ata əl qaldırdı
göylər tərəfə:
“ – Gözləmək olsunmu
ömürlük peşəm!”
“ – Son dəfə getmişəm,
ora hər dəfə,
Sonra da görürsən
Dönüb gəlmişəm”.
“ – Daha buraxmaram
ora mən səni!”
“ – Əyər çağırırsa Vətənim
məni!…”
“ Nə çoxdur igidlər
o yerdə bu gün”.
“ – Məni igidlərə tay tutdun
özün”.
“ – Orda ölüm də var,
orda qan da var”.
“ – Getməsəm qələmim,
qəlbim də sınar”.
Bir qara buluda
büründü aləm,
Çökdü sükut ilə
qəm kainata.“ – Mən ki, ölənlərdən
artıq deyiləm.
Sənə tapşırıram
Ceyhunu, ata!”
Kədər bulud-bulud,
dərd kölgə-kölgə,
Qondu gül yanağa
son təbəssümü.
…Ölüm axtarmayır
insanı bəlkə
Bəzən insan özü
gəzir ölümü!

Xalq şairi Nəbi XƏZRİ.”Gözəllik alınıb satılan zaman”

Sevgilər itirib zərurətini,
Içilən andlarda həqiqət deyil!
Müəllim tələbə bekarətini,
Dollara alırsa fəlakət deyil?

Kimsə güdür ciblər səxavətini,
Onu düşündürən məhəbbət deyil!
Nazir katibənin od şəhvətini,
Zorla söndürürsə cəsarət deyil!

Dubaya satılan nadir gözəllər,
Məgər ki,dünyada rəzalət deyil?!
Zərif bədənləri didən cod əllər,
Tanrı qarşısında cinayət deyil?

Çirkin girdablarda boğulur insan,
Onun köməyinə sən yetmə,Allah!
Sevgilər alınıb satılan zaman,
Belə günahları əfv etmə,Allah!

Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”

Vətən qorudun sənindir,
Qorumadın özgənindir,
Qorumadın, yağınındır,
Qorumadın axırındır…

Vətən qorudun sənindir,
O, bayraq tutan əlindir,
Basılmaz qalan, dağındır,
Qorumadın göz dağındır…

Vətən qorudun sənindir,
Yoxsa gədə-güdənindir,
Yoxsa başsız sürünündür,
Bir ovuc sağ ölünündür…

Vətən qorudun sənindir,
Allahın, peyğəmbərindir,
Anan, qardaşın, balandır,
O, indi talan-talandır…

Vətən qorudun sənindir,
O tay-bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndindir, Təbrizindir…

Vətən qorudun sənindir,
Qorumadın kəfənindir,
Qorumadın qübarındır,
Murdarlanmış məzarındır…

Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “

Demə bu məhəbbət, demə bu sevgi,
Ötəri hiss imiş, ötəri həvəs.
Yox imiş təməli, yox imiş kökü,
Dəyəri bir qara qəpiyə dəyməz.

Özün bu sevdaya sövq etdin məni,
Sonra öz əlinlə özün dağıtdın,
Özün hicrana öyrətdin məni,
Özün bu kitabı açdın, bağladın.

Özün də axırda dandın sözünü,
O andlar, amanlar de, harda qaldı?
Sən gəldin, yollardan çəkdim gözümü,
Sən getdin, gözlərim yollarda qaldı…  

Yenə də tuş oldum qəmə əzizim,
Soldu bağçalarım, soldu bağlarım.
Tənhalıq ölümmüş demə, əzizim,
Mən necə yaşayım ölü günləri?!

Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”

Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!

Arzu sonsuz, ömür yarı…
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!

Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!

Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!

Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!

Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!

İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var…
Yazılmamış əsərim var…
Ağarma, saçım, ağarma…

 1957.

Xalq şairi Məmməd ARAZ.”Sən getdin”

Sən mənim yazıma birinci yağış,
Sən mənim qışıma sonuncu qardın.
O mənim qəlbimdə ünvan tapmamış,
Pərişan bir eşqi hara apardın…

Sən getdin, təbiət bir səs itirdi,
Bir sevgi dastanı qaldı yarımçıq.
Bir ulduz əbədi buluda girdi,
Bir çiçək göyərib soldu yarımçıq.

Sən getdin, son həsrət eşqi gözündən
Qəlbimə axmadı sözlə, qılıqla.
Bəlkə oğurlayıb səni özümdən
Sənə qaytarırdım bu ayrılıqla…

Son dəfə dinlədim ayaq səsini,
Qəlbimdə bir tufan qopdu dərindən…
Sən getdin, elə bil yer kürəsini
Ayırdın bir anlıq öz mehvəridən.

Dəydi bir-birinə səma, dəniz, dağ,
O görüş nə idi, bu ayrılıq nə?
Nə bilim, hər halda bir qəlbi qırmaq,
Bir tale yıxmaqdan asandır mənə.

Bir də ki, dənizə bənzər bu aləm,
Həyatım, taleyim onsuz deyildir.
Mən yalnız gəmiyəm, üzmək bilirəm,
Hara üzməyimi – cəmiyyət bilir…
1964

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərmiş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşməkdə olan Muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda, geniş maarifçilik işi aparmaqdadır. Muzeyin elmi kadrların hazırlanmasında və muzeyşünasların yeni nəslinin yetişməsində təqdirəlayiq xidmətləri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatı tarixinin hərtərəfli öyrənilməsində, milli ədəbiyyat nümunələrinin toplanılıb mühafizə edilməsində rolunu nəzərə alaraq, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2020-ci il.

Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər.

“Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən bəhs edir. Burada Qazan xan, Azər, Baycan, Yalıncıq əsas rollarda çıxış edirlər. Baletdə Eşqin ilahiləşdirilməsi və onun Ölümlə mübarizəsi aydın görünür. Eşq Ölümə zəfər çalır. Kitabxananın Fəxri oxucuları yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə və yazıçı Zöhrə Əsgərova televiziya kanallarına müsahibə də verdilər. Kitabxananın Fəxri oxucusu, tanınmış jurnalist Afət İslam Polad Bülbüloğlundan müsahibə götürdü. 

Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazıları toplanmışdır. Kitabda həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirlər də, yer almışdır. Kitab maraqla qarşılanmışdır.

         Tədbirdə direktor müavini Könül Vəliyeva, çıxış edərək, müəllifin şəxsi keyfiyyətlərinin yazıları ilə tarazlıq təşkil etdiyindən danışdı, ona yaradıcılıq uğurları arzuladı. Şöbə müdiri Təranə Heydərova, Q.Musabəyov adına 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova, A.Şaiq adına 2 №-li kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva, böyük metodist İradə Hüseynova və b. müəllifin yazılarını daim izlədiklərini bildirdilər.

         Sonda  Pərvanə Bayramqızı tədbir iştirakçılarının diqqətini yüksək qiymətləndirərək bildirdi ki, nail olduğu uğurlar onun üçün yaradıcılıq stimuludur. O, hazırda faktiki materiallara əsaslanan yeni məqalələr üzərində işlədiyini, yazılarının mövzu rəngarəngliyinə, ictimai əhəmiyyətinə görə tanınmış qələm adamlarının diqqətini çəkdiyini söylədi. Müəllif “Yaza bilməyən yazıçı” sərlövhəsinin kəsb etdiyi mənanı açıqladı.          Müəllif imzalı kitablarını tədbir iştirakçılarına və kitabxanaya hədiyyə etdi.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsi