Sumqayıt şəhər 46 saylı uşaq bağçasında xalqımızın ən qədim və milli bayramlarından olan, gəlişi ilə insanlara bahar təravəti və xoş ovqat bəxş edən Novruz bayramı münasıbəti ilə tədbir keçirilmişdir.
Tədbiri bağçanın müdiri Sidqiyyə xanım Xıdırova giriş sözü ilə açaraq uşaqları, valideynləri, gələn qonaqları və bağçanın kollektivini bayram münasibətilə təbrik etmiş, onlara uzun ömür, möhkəm can sağlığı, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu illər arzulamışdır.
Sonra bağçanın musiqi müəlliməsi Zinyət Əsədullayevanın rəhbərliyi altında balaca fidanlar vətənə, torpağa, baharın gəlişinə aid şeirləri bədii qiraət etmiş, bahar təravətli və vətənpərvərlik ruhlu mahnılar ifa etmişlər.
Bayram şənliyinə təşrif buyurmuş Kosa və Keçəl bir-birindən maraqlı, məzəli və ibrətamiz oyunları ilə uşaqlara və bütün tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
Bağçanın tərbiyəçiləri Cəmilə Babayeva, Əsmər Fərzəliyeva və Zenfira Babayeva çıxış edərək, hər kəsi bayram münasibətilə təbrik etmiş, onlara və ümumilikdə şəhərin bütün təhsil müəssisələrinə və bağçalara göstərilən diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova dərin minnətdarlıqlarını ifadə etmişlər.