adau

Dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, mətbuat xidməti, eləcə də digər qurumlar bildirib ki, universitetin qapıları bütün mətbuat nümayəndələrinin üzünə açıqdır və onlar istənilən mövzu ilə əlaqədar səlahiyyətləri çərçivəsində təhsil müəssisəsində araşdırma apara bilərlər. Bu hərtərəfli əməkdaşlıqla yanaşı KİV haqqında prezident İlham Əliyevin imzaladığı qanuna hörmət və obyektiv fikirə zəmin deməkdir.
Çox təəssüf, bu cür imkan və şərait yaradılmasına baxmayaraq bəzi multi-media və kağız mətbuat yenə də birtərəfli qaydada, qarşı tərəfi dinləmədən ağızlarına gələni yazır, çirkli niyyətləri ilə Azərbaycan təhsil məkanında layiqli yer tutan ADAU-ya böhtanlarını davam etdirirlər. Onlar nə mətbuat haqqında qanuna hörmət edir, nə də şərəf və ləyaqətin təhqirinə görə məhkəmə məsuliyyətindən çəkinirlər. Sanki, bilərəkdən böhtan yolu tutublar və yalnız qara rəngli eynəklə həyata, inkişafa baxırlar. Bu isə ən azından xüdbinlik və nankorluqdur.
“Politika.az” saytı isə gündəmdə ADAU-nun rektorunun siyasi məsələlərə yanaşması ilə qalmaq istəyir. “Gah nala, gah mıxa döyən” sayt guya diplom işinə 500 manat pul yığılmasından, rüşvətin baş alıb getməsindən yazır. Qəfil isə fikirdən uzaqlaşıb rektorun facebook səhifəsində olan insanların sosial və siyasi tərkibi ilə maraqlanır. Korluq və naşılıq o həddə çatıb ki, ən azından böhtan atdıqları 3 min insanın onları haqq divanına çəkməyini belə nəzərə almırlar. Bu dəhşətdir. Savadsızlıq və bu üzdən yaranan şantajdır.
Bir daha mətbuat xidmətinin rəhbəri olaraq bildirirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetində həm qiyabi, həm də əyani təhsil formasında bütün imtahanlar test üsulu ilə götürülür və bura müdaxilə mükün deyil.
Adamın yaxasından tutub soruşarlar ki, sübut elə bu təhsil müəssisəsində diplom işinə və imtahanlara 500 manatdan pul yığılır və “FB”-də rektorun 4 min dostundan 3mini muxalifətdir. Əsası olmayan fikirlər sahibini həmişə fəlakətə aparar. “Politika.az” saytı da fəlakət qarşısındadır və atdığı böhtanlara görə cavab verməli olacaq.
“Politika.Az” yazır ki, “ Maraqlı məqamlardan biri odur ki, İbrahim Cəfərov bu barədə məlumat yayıldıqdan sonra mətbuata məhkəməyə verəcəyi ilə hədələsə də, sonradan bu istiqamətdə heç bir addım atmadı. Səbəbi bu günə qədər bəlli olmayan bu yanaşmanın nəyə bağlı olduğu da bilinmir. Amma reallıq ondan ibarətdir ki, ADAU rektoru Facebookda aktivdir və onun 4000 dostu arasında 3000-ə yaxını elə müxalifət düşərgəsinin nümayəndələridir.”
Sitatı olduğu kimi götürdüm. Dəhşət budur ki, bu sayta yazanların nə üslub, nə də orfoqrafik savadı var. Amma di gəl böyük bir universitetin professor və müəllimlərinə “dərs” keçmək, böhtan atmaq iddiasına düşüb.
“Politika.Az” sonda belə bir ümumiləşdirmə aparır: “Ümumilikdə götürdükdə virtual aləmdə müxalifətçi ilə hakimiyyət tərəfdarlarının dost olub, olmaması müzakirə predmeti ola bilməz. Üstəlik, Azərbaycanda belə bir tendensiya da yoxdur. Məsələn, mərhum liderimiz, Ulu Öndər Heydər Əliyev nəinki sabiq prezident Əbülfəz Elçibəylə görüşüb, öpüşüb, hətta o dünyasını dəyişəndə dəfnində iştirak edib. Məgər, YAP-çı deputat Aydın Mirzəzadə müxalifətçi deputat İkram İsrafilin oğlunun toyunda iştirak etməyibmi? Və ya müxalifət partiyalarının başında duran Sabir Rüstəmxanlının oğlu nəqliyyat naziri Ziya Məmmədovla qohum olmayıbmı?”
Gətirdiyim sitatlar bir daha sübut edir ki, bu yazı xəstə və sərsəm təfəkkürün məhsuludur və sayt heç özü də bilmir ki, ADAU-nun rektorunu ləkələmək üçün hansı variantdan yapışsın.

[b]Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri[/b]