10646868_273655359498567_6620189188081019440_n

Çox sözdə qaşını, gözünü tapdın,
Öz nurlu çöhrəni- üzünü tapdın,
Hamının şeirində özünü tapdın,
Bəs mənim şeirmdə sən niyə yoxsan?

Gündüz günəş kimi, gecə ay kimi,
Sanıram özümə səni pay kimi.
Axırsan qanımda… coşan çay kimi,
Bəs mənim şeirimdə sən niyə yoxsan?

Yenə kim haqqında xəyal qurmusan?
Belə məlul, boynubükük durmusan?
Mənim ürəyimdə yuva qurmusan,
Bəs mənim şeirimdə sən niyə yoxsan?

Ağlar gözlərimin şehində varsan,
Çəkdiyim ağrıda, ahımda varsan,
Əlçatmaz xəyalım, ruhumda varsan,
Bəs mənim şeirimdə sən niyə yoxsan?

Mənəm, hər dərdini daşıyan , gözəl,
Bəlkə, bu sevgidə naşıyam, gözəl.
Ay mənim könlümdə yaşayan gözəl,
Söylə bir, şeirimdə bəs niyə yoxsan?!