12647929_456084107917624_702711598_n

Dalğın baxışına baxa bilmirəm,
Sənin ki, gözlərin dan işığıydı.
Dünən gözlərində dinən sözlərin,
Sevən ürəyinin danışığıydı.

Daha düz oxumur özündə sözün,
Sözündə məhəbbət dağım-dağımmış.
Nifrətin gözündə peşiman qüssə,
Dilinin riyası röya dağımmış.

Sən demə susarmış gözündə sözün,
Gözümün dünyası sözümün canı.
Çətin kimsə sevə mənim tək səni,
Salma qəribliyə sözümü, canım.

Çılğın dəniz kimi coşqun dalğalı,
Sevdalı qəlbimdə qədərim sənsən.
Yapışıb yaddaşın yaş yaxasından
Sızlayan sözümdə qəhərim sənsən.

Sən demə bu sevda alın yazısı,
Qüssəsi ölüncə bəs edər mənə.
Ümidim üzülməz nazilsə belə
Qədər toy tutsa da bəs qədər mənə.

Gülüm, üz çevirib o gül üzündən
Tale gül üzünü səndən, sən məndən.
Bəlkə bağışlayım günəşi sənə,
Barı uzaq olsun çisən,çən səndən.

Dalğın baxışınla baxsam dünyaya,
Başını itirər bu dünya belə.
Səni sevəcəyəm son nəfəsəcən,
İçimi göynədən nisgilin ilə!

Bülbül yuvasıyam kövrək budaqda,
Sevdalı ürəyim bübülə həsrət,
Qənim kəsildiyin göz yaşlarınla
Dərdim çiçəkləyir tər gülə həsrət…

Dalğın baxışına baxa bilmirəm,
Sənin ki gözlərin yar işığıydı.
Dünən gözlərində dinən sözlərin
Sevdalı qəlbimin yaraşığıydı.

Azərbaycan.Quba.
23.05.2016.