1002-ci gecə

Qana susamış
vampirləri xatırlatdı
öpüşlərin mənə –
Elə bil
silib səbətə atdığın,
nəyinsə xatirinə,
ala-yarımçıq yaşanmış
sevgilərin
acığını məndən çıxırdın…
Hətta bir-iki dəfə
dəli-dəli çığırdın,
“bu sənin”, “bu sənin”,
“bu da sənin” deyərək
sərsəmlədin də…
Nəfəsim təngiyir,
ürəyim yerindən
atlanır,
tir-tir titrəyirdi bədənim,
Qan qarışıq üzü aşağı
axırdı tərim…
…Başıma dəyən
qəfil zərbədən
bağıraraq ayıldım…
Zəngli saat
döşəmənin üstü ilə
dığırlanır,
tükürpədici səsi ilə
vahiməni bir az da artırırdı….
Aman Allahım…
Yuxu olsa da,
çox qorxulu,
çox dəhşətli mənzərə idi.
Tez güzgüyə baxdım,
Şükür, ağzım-burnum yerində idi…
Amma yenə də
gedim özümü bir
“Mayıl doxtur”a göstərim…

Adam demiş:

Ulamaq ulamaqdı,
Olmazmı çaqqaltək yox,
Qurd kimi ulayasan?!

Sonra da əlavə etmiş:

Az gedənə lələk qoş,
Gələnə quyruq bula.
Barı bir yol adam ol,
Ay tula oğlu, tula.

ADAM DEMİŞ:

Bir az özünü
qınamaqdan,
Bir az da
səni özünə
qınadanlara
lənət oxumaqdan
ibarətdi həyat.
Arada xırda-para
nə varsa –
hamısı təfərrüat…

***

Əllərimiz görüşdü…
Gözlədiyimin əksinə olaraq
alışıb külə dönmədi
barmqalarım…
Ya mən…
əllərinin hərarətini
hiss etməyəcək qədər
soyuğam,
Ya da…
mənə qədər
çəkib aparıblar
bu hərarəti
özgələri….