Polad Sabirli

Mətləb verib

Həmişə qayğımla, diqqətimlə mən,
Oqədər üzləri güldürdüm qağa.
Öz bəxtim üzümə gülmədi , heyif,
Hissimi içimdə öldürdüm qağa.

Könlüm meyl etmədi bərə, bəzəyə,
Ömrümün bəzəyi adım sanımdı.
Tənə vurmadım mən sınmış ürəyə,
Halalıq, dürüstlük tək ünvanımdır.

Kimin cibi dərin, aglı dayazsa,
Bəyənməz ağıldan güc alanları.
Allah el içində uca saxladı,
Halal zəhmətiylə ucalanları.

Dünyanı dərk edib duyandan bəri,
Gözümə yolları göründü qəmin.
Ah çəkdim yerindən tərpətdim yeri,
Pislər dörd tərəfin tutub aləmin.

Alnımın yazısı alın tərimdi,
Əlimin qabarı , fərəhim mənim.
Çoxu sevincindən sığmır dünyaya,
Sevinc göz yaşlarım bəh-bəhim mənim.

Tək bircə gümanım təbimə gəlir,
Şükür ki, Allahım mənə təb verib.
Hər yazı yazanda ruhum dincəlir,
Ay Polad, hərəyə bir mətləb verib.

22.11.2016.

Güvənir

Məni alıb gedir bu düşüncələr,
Tamahkar yalmanır, yala güvənir.
Axtara-axtara itirdim nələr,
O qədər adam var , mala güvənir.

Daşı mum edərəm,daş da olaram,
Yaşı qurudaram, yaş da olaram,
Başsız da qalaram, baş da olaram,
Mən yara, mənə də bala güvənir.

Sevginin ləzzətin dadın görmüşəm,
Ömrümün doğmasın yadın görmüşəm,
Kişi hünərində qadın görmüşəm,
Elə papaqlı var şala güvənir.

Göynəyə-göynəyəközə sığındım,
Sözə arxalandım, sözə sığındım,
Əyriyə dikəldim, düzə sığındım,
Heyif ki, çoxları fala güvənir.

Gözümü oxşayan xal şirin olur,
Hər güldə çiçəkdə bal şirin olur,
Sinədə dəyməmiş kal şirin olur,
Polad nar bağında kala güvənir.

29.06.2015.

Necə deyim

Kiminsə səhvinə, bəd əməlinə,
Göz yumub qəlbimə döz necə deyim?
Uymayıb dünyanın gəlhagəlinə,
Haqqa qul olana söz necə deyim?

Verie misql-misqal alır bir ətək,
Yanan tapılmırsa, halına tək-tək,
Kəsirsə yolunu düzün daş kəsək,
Külə od, tüstüyə köz necə deyim.

Nə ağıl kəsmirsə, nə qəlb yanmırsa,
Yaxşını bilmirsə, pisi anmırsa,
Əyrin görmürsə, düzü qanmırsa,
Qanmaza hər işi çöz necə deyim?

Mənim söz dünyama, söz mülkümə gəl,
Ləli cəvahiri gəzirəm əl-əl.
Əsli çirkin qızı edərsə, gözəl,
Atlasa, qumaşa bez necə deyim?

Kimi baş girləyir baş qata-qata,
Kimi də söz tutur, söz ata-ata,
Kiməsə, gözündən gəlirsə xəta,
Sonra mən o gözə göz necə deyim?

Ömrüm haqq işiçün keçdi savaşda,
Qardaş atsa daşı, günah yox daşda,
Nadan alimdən durursa, başda,
Polada səbr elə, döz necə deyim?

15.08.2015.

Gəlir

Allah özün qoru bizi,
Arvad ərə kələk gəlir.
Pərdələnib, cildə girib,
Tutub üzə ələk gəlir.

Sönmüş ocaq alışanda,
Ağ qaraya qarışanda,
Haqsız haqdan danışanda,
Ağzımdan lap ürək gəlir.

Ümid gəlir güman altdan,
Ay boylanır duman altdan,
Su yeridir saman altdan,
Elə bil ki, mələk gəlir.

Əzməmişəm bir kimsəni,
Əzə bilməz heç kim məni,
Haqqı uca tutub, yəni,
Kişi gəlsə də tək gəlir.

Vay o gündən ki, mərd sına,
Namərdi sən onda qına,
Qohum qardaş qarşısına,
Polad əldə çörək gəlir.

30.05.2014.