rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

GƏZƏCƏK MƏNİ

“Könül dəftərim” – silsiləsindən

Görünür sevdamız, bura qədərmiş,
Bu eşqin nəsibi qüssə, kədərmiş.
Yaşanmış bunca il, heçmiş, hədərmiş
Nəfsin eyləsə də, hərcayi səni,
Gözlərin hər yerdə, gəzəcək məni.

Uydun mala, mülkə,vara, sərvətə,
Meyl etdin sevgisiz, cahil şəhvətə.
Vətəni dəyişdin, uzaq qürbətə
Qəlbi üşüdəndə saçının dəni,
Gözlərin hər yerdə, gəzəcək məni.

Alnın toxunanda əhləd daşına,
Onda dönəcəkdir, əqlin başına.
Ümidin qalacaq, hey göz yaşına,
Könlün istəyəcək könül həmdəmi,
Gözlərin hər yerdə, gəzəcək məni.

Zülmətə dönəcək günün, gündüzün,
Həsrət qalacaqdır gülüşə üzün.
Dilində donacaq söhbətin, sözün
Yanaqda qübarın şəbnəmi, nəmi,
Gözlərin hər yerdə, gəzəcək məni.

Xəyallar dadına çatmayacaqdır,
Hicran təlatümün yatmayacaqdır.
Nəbzin də qüssədən, atmayacaqdır
Kədər qəsb edəcək, dərdli sinəni,
Gözlərin hər yerdə, gəzəcək məni.

Həsrətdən, nisgildən gələssən cana,
Olacaq sızlayan, könlün qəmxana.
Asi olmayaydın, kaş ki, Dövrana
Dolaşıb dağları,çölü, çəməni,
Gözlərin hər yerdə, gəzəcək məni.

SEVGİLİM QƏLƏM

“Mənim dünyam” – silsiləsindən

Yenə əlimdədir sevgilim qələm,
Çırpınır, cəhd edir ilhama gələm.
Bilmirəm axşamdır, gecə, ya gündüz,
Buraxmır yaxamı , bir an dincələm.

O sirli çubuğu əlimə alcaq,
Mən uşaq oluram, sözlər oyuncaq.
Düzürəm, pozuram,gah da tərsinə,
Öz nazlı təbimə,tabeyəm ancaq.

Ilhamım qələmə salıb mehrini,
Birlikdə çözürlər sözün sehrini.
Hər hecam, qafiyəm onlara bağlı,
Çox şükür tapıblar, işin təhrini.

Onunla açılır hər gün sabahım,
Onunla sirdaşdır “suçum, günahım”.
Sevincim,fərəhim,fəxarətimdir,
Onunla yox olur kədərim, ahım.

Kim olardım onsuz, düzü bilmirəm,
Sorunu Dövrana, özüm verirəm.
Duysun əzizlərim, bilsin dostlarım,
Yuxumda da kağız, qələm görürəm.