Sumqayıt şəhər mədəniyyət müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib.
Q.Qarayev adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə bayram əhval ruhiyyəli və vətənpərvərlik ruhunda oxunan mahnılar, müxtəlif musiqi alətlərində ifalar və rəqslər dinləyicilər tərəfindən maraqla qarşılanıb.
F.Əmirov adına uşaq musiqi məktəbində skripkaçılar ansanblının ifasında “Jingle Bells” (Zınqırovlar), böyük və kiçik xor qruplarının ifasında V.Mustafazadənin “Yollar”, M.Vəkilovun “Ey Azərbaycanım” mahnıları, fotepianoda Fidan Şirinovanın ifasında R.Şumanın “Şaxta Baba” və Nəzrin Abdullayevanın fortepianoda müşayiəti ilə tarda Məhəmməd Abdullayevin ifasında Əmirovun “Qatar” və s. əsərləri ifa olunub.
S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin orkestri, böyük və kiçik xoru , “Cəsur şahinlər” rəqs ansamblı, skripkaçalanlar və nağaraçalanlar ansamblı, fortepiano və xalq çalğı alətləri şöbəsi şagirdlərinin ifasında maraqlı əsərlər səslənib.
S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində Yeni ilin gəlişi ilə əlaqədar ” Qış baba gəlib, sizə payı var…” adlı tədbir keçirilib. Tədbirdə balaça oxucuların ifasında şeirlər, mahnılar dinlənilib.
C.Cabbarlı adına mədəniyyət evi Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil etdiyi tədbirdə mədəniyyət evində fəaliyyət göstərən rus icması iştirak edib. Qonaqlar yeni il süfrəsində rus mətbəxindən nümunələr nümayiş etdiriblər. Tədbirdə mədəniyyət evinin “Turan” rəqs qrupunun üzvlərinin ifasında Azərbaycan milli rəqsləri izlənilib.
C.Cabbarlı adına mədəniyyət evi daha bir tədbiri Nizami Gəncəvi adına kitbaxana klubla birgə təşkil edib. Tədbirdə hər iki mədəniyyət müəssisənin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub, bayram atributlarının iştirakı ilə uşaqlar üçün maraqlı, əyləncəli şoular nümayiş olunub.
N.Nərimanov adına mədəniyyət mərkəzində də bayram şənliyi keçirilib. Şənlikdə nağıl qəhrəmanlarının və yeni il personajlarının çıxışı balacalar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanılıb.
Şəhər Mədəniyyət Evinin təşkil etdiyi bayram tədbirində rəqs kursunun dinləyicilərinin ifasında müxtəlif rəqslər və şeirlər, gənc müqənnilər Sevda Akkaya və Aqil Quliyevin ifadında rənqarənq mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Şaxta baba və Qar qızın iştirakı, Tilsim şounun, klounlar Maşa və Ayının çıxışı tədbiri daha da rövnəqləndirib.
Qeyd edək ki, Şəhər mədəniyyət Evində daha bir bayram şənliyi keçiriləcək. Şənlikdə “Narbala” kukla tetarının ifasında uşaqlar üçün tamaşa göstəriləcək, maraqlı, əyləncəli şoular nümayiş olunacaq.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti