s

Ayı olub qış uzunu yatdın, heç

Balıq kimi dəryalarda üzdün xoş,
Qurbağa tək bataqlığa batdın, heç.
Qarışqa tək zəhmət çəkdin, afərin!
Ayı olub qış uzunu yatdın, heç.

Əhdə vəfa oldun sənə, min əhsən,
Doğru izə düşdün yenə, min əhsən,
Saf vicdana dönə-dönə, min əhsən.
Halalına haram tikə qatdın, heç.

Əmanəti pak qorudun, yüz yaşa,
Tez qırılar ümid toxunsa daşa.
Doğru sözü söyləməyib birbaşa,
Nifaq üçün ortalığa atdın, heç.

Ürək olar hər duyğunun məkanı,
Etmə onu ucuz mallar dükanı,
Gül yerinə dəstələyib tikanı,
Kor aşiqə bilə-bilə satdın, heç.

Vicdanını rahatladın, nə gözəl,
Yaşıl yarpaq olmur can verən xəzəl,
İmkan varkən tövbələr elə, düzəl,
Yol qurtarıb son mənzilə çatdın, heç

Denən mənim kimimsən?

Baxma qara gözümə,
Baxıb gülmə üzümə,
Gülüb düşmə izimə,
Qəlbdə sarı simimsən,
Denən mənim kimimsən?

Duyğulandı bu könül,
Ətirləndi bağda gül
Gözəl oxuyur bülbül
Sən sevincim, qəmimsən.
Denən mənə kimimsən?

Bülbül nəğməsi kimi,
Yarın nəfəsi kimi,
Musiqi səsi kimi,
Həm zilim, həm bəmimsən.
Denən mənə kimimsən?

Mən dənizdə bir çiçək,
Boğularam tənha-tək,
Yelkənləri bura çək,
Sən səyahət gəmimsən.
De, Şəhlaya kimimsən?