Dünyada insanlar həm fiziki görkəmlərinə, həm də xarakterlərinə görə bir-birindən fərqlənirlər

Dünyada insanlar həm fiziki görkəmlərinə, həm də xarakterlərinə görə bir-birindən fərqlənirlər. Hər insanın barmaq izləri necə fərqlidirsə, təbiəti də, istəyi də, düşüncəsi də, arzuları da eyni deyil. Bütün fərqliliklərə baxmayaq, həyat çox gözəldir, əsas odur ki, həyatımızda yaradılan hikmətləri görə bilək. Çünki Allah həm qədərimizdə, həm xarici görkəmimizdə, həm də təbiətimizdə yaratdığı hər şeyi bizim üçün sonsuz xeyir və gözəlliklərlə yaradıb.

Ətrafımızdakı insanları qısaca olaraq nəzərdən keçirək, bəzi insanlar əsəbi, bəzi insanlar sakit, bəzi insanlar mehriban, bəziləri aqressivdir. Bu nümunələrin sayını istədiyimiz qədər artıra bilərik. Özümüzü də düşünsək, görərik ki, bizim də həm müsbət, həm də bir çox mənfi yönlərimiz var. Digər insanlarla bənzərliklərimiz və fərqliliklərimiz ola bilər, ancaq hər bir insandan fərqlənirik. Çünki Allah hər birimizi özəl yaradıb, verdiyi və vermədiyi hər şeylə də bizi imtahan edir.

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Dünya imtahan yeridir, Allah dünyanı bizi imtahan etmək üçün yaradıb. Dünyadakı fərqliliklərin də səbəbi məhz budur ­– imtahan olunmaq. Hər insanın xarakterində mütləq mənfi yönlər ola bilər, həyatımızda istəmədiyimiz hadisələr baş verə bilər, Allah bunları həm acizliklərimizi görmək, həm üzərimizdə çalışaraq bunları özümüzdən uzaqlaşdırmaq üçün xüsusi yaradıb. Əslində, həm qədərimizdə, həm də xarakterimizdə və ətrafımızda “mənfi” kimi görünən bir çox hadisə gözəlliklər və hikmətlərlə yaradılıb. Məsələn, əsəbi bir insanı düşünək. Bu insan özündən tez çıxır, xoşagəlməz hadisə ilə qarşılaşdıqda dərhal əsəbiləşir. Əsəbi olmaq o insanın əskikliyi deyil, ola bilsin, ya uşaqlıqdan yaşadığı hadisələr onda elə təsir buraxıb, ya da xarakteri belədir. Ancaq insan Allahın izni ilə bu xüsusiyyətinin üzərində çalışıb çox səbirli və təmkinli ola bilər. Çünki əsəbiləşmək Quran əxlaqına uyğun deyil, Allah səbirli insanı sevir. İnsan hadisələrin xeyirlərini görə bilsə, əsəbiləşməyinə səbəb də qalmaz.

Bundan başqa, insanın yaşadığı hər hadisə qədərində mövcuddur. Allah hər bir bəndəsi üçün mütləq xeyir diləyir, axirətdə onu sonsuz gözəl həyatla yaşatmaq istəyir. Cənnət həyatına layiq olsunlar deyə Allah qullarını dünyada imtahan edir. Bu həm iman gətirən, həm də iman gətirməyən insanlara aiddir. Allah müxtəlif imtahanlarla insanları düşünməyə və imana yönəldir. Dünyadakı nemətlər və gözəlliklər yenə imtahanın gərəyi olaraq iman gətirən və gətirməyən bütün insanlara təqdim olunmuşdur, amma axirətdə aradakı fərq bəlli olacaq və bu nemətlər yalnız iman gətirənlərə nəsib olacaq.

Hər bir halda, insana düşən vəzifə daim Allaha güvənməkdir, Allah insanın qədərində nəyi təqdir edibsə, o həmin insan üçün ən gözəl qədərdir. Ancaq bir şeyə diqqət yetirmək lazımdır: insan düşünməməlidir ki, həyatında hər şey ürəyincə olsa, o zaman xoşbəxt olacaq. Sevinc, xoşbəxtlik, gözəlliklər birdən-birə yaşanmır, insan gərək hər zaman Allah tərəfdarı olsun, Allahın ona dost olduğunu, onun üçün hər zaman xeyir və gözəlliklər dilədiyini görə bilsin, bunun üçün ağıl və iradə tətbiq etsin. Yoxsa insan istədiyi və xəyal qurduğu həyatı hər detalına qədər yaşaya bilər, ancaq o həyat insana sevinc deyil, sıxıntı və hüzursuzluq verə bilər. Odur ki, həyat gözəldir, əsas olan o gözəllikləri görə bilən gözlərə sahib olaq inşaAllah.

Firuzə Həsənzadə