sv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Səni sevirəm, tanqo…
Gəncənin hər küçəsi
Xatirənlə rəqs edir…
Tarix: bizdən ötəsi…
Ünvan: hələ yol gedir…
Ah…
Gəncə küçələri…
İşıqlar sarı atlas…
Dölmələr əl jestləri,
Tozanağı ehtiras…

Xatirənin ardınca
Düşmüşəm məhlə-məhlə…
Hisslərim dam boyunca,
Ağlayıram ürəklə…

Axır damarlarımda
Çılğın sevda oyunu…
Xatirəm qollarında,
Səni sevirəm, tanqo…

2016

***

Heç nə gəlmir əlimdən
Bu aprel soyuğunda,
Adın yenə dilimdə…
Qan rəngi yanağımda…

Birdən görən tapılar
Bükülən dodağımın
Gizlətdiyi adını…
Utanmaqdan da betər…
Kaş ki, kimsə duymasın
“Sən” boyda günahımı…

Aprel…
Məğrurluğunu
Mənəmi göstərirdi?
O ilin o apreli
Ömrümə səmt ağacı…
Mən hansı yönə dönsəm
O, “sən”i göstərirdi…

2016

***

Tənha aşiqlərə keşik gecələr
Mənim təkliyimə yiyə çıxmadı…
Fələklə əlbirdi keşiş gecələr…
Ümiddən düymələr heç açılmadı…

Yiyəsiz sevdanın saçı pırtlaşıq,
Daha indən belə hörüyə gəlməz…
“Yanıq Kərəmi”yə ağlayan aşiq
Güzgü qabağında gülməyə bilməz…

Dedin göz yaşıyla islanmışdılar
Pəncərən önündə qızılgüllərin…
Səni xatirəylə ağlatmışdılar?
Ay şehi qurusun qızılgüllərin!

2016

***

Yığıb qoltuğuma qış paltarımı
Düşdüm yoxluğuna gedən cığıra…
Bir səsə köklədim qulaqlarımı:
-Bəlkə getməyəsən?
-Gedirsən?
-Hara?

Vallah, bu gedişim gediş sayılmaz,
Bir –iki sözümə qara xətt çəkər…
Gödəkçəm bükülər…
Düyməm bağlanmaz…
Çəkməm ayağımda xəcalət çəkər…

Nə billəm nə deyim…
Mən ki, bu günə
Ürəklə bir “vida” yaza bilmirəm…
Vallah, oxşamıram səndən gedənə,
Mən elə qayıdıb sənə gəlirəm…

2016

***

Yaxşı ki, soruşmadın
Bu il də əhvalımı…
Gözümdən oğurladın
Köhnə, nimdaş halımı…

Sən soruşmadın deyə,
Mən də “sənsiz” olmadım…
“Darıxmaqdan ölməyə”
Bir il cığır salmadım…

Amma…
Birdən inciyər
O kiçik söz: -Necəsən?
Gərək elə mən deyəm?!
Özün söylə!
Necəsən?

2015

***

Unutdunmu, ay oğlan?
Bir qız vardı o vaxtlar.
Sıxılmış dodağında
Adını büküb saxlar.

Bəxtəvər sən imişsən,
Yadından “yadı” sildin.
Doğması, kimsənəsi,
O qız tək səni bildi.

Sevirdi deyə səni
Ölçüsüz “böyütmüşdü”.
Qurduğu evciyinin
“Adamı” düzəltmişdi.

Yıxmısan dünyasını
O kür, utancaq qızın.
Səni görcək,
Ovcunda
Saçı “oyuncaq” qızın…

2015