Dərd əkib, qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Yoxsullar ac, harınlar
Bol yerindən ağrıyır.

Gözlərim oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? –
Sol yerindən ağrıyır.

İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən ağrıyır.

Yerə girən boy sızlar,
Kök inləyər, soy sızlar.
Bədəsillər, soysuzlar
Döl yerindən ağrıyır.

Dünya məhbəs, qəfəs dar,
Ya al, ya ver – nəfəs dar.
Cəmi yaranmış ki var –
“Ol” yerindən ağrıyır.