10646868_273655359498567_6620189188081019440_n

Hələ bir əl dəyməmişdi əlinə,
Yanağı bənzərdi cənnət gülünə.
Bal nəydi ki, çata şirin dilinə,
Tamarzıyam söhbətinə, sözünə,
Heyif, o qız bir də dəyməz gözümə!

Haqqın dərgahına pərvazlanırdı,
Gözəllikdə mələkləri danırdı.
Qanad çala-çala o, nazlanırdı,
Ruhum mat qalmışdı günəş üzünə,
Heyif, o qız bir də dəyməz gözümə!

Ömrü xəzan olmuş gülə dönmüşəm,
İnləyən, sızlayan telə dönmüşəm,
Kərəm tək alışıb külə dönmüşəm,
Dəyməyin kül altda qalan közümə,
Heyif, o qız bir də dəyməz gözümə.

Baxdım nur üzünə, susub lal oldum,
Qamətim əyildi, qəddi dal oldum.
Taqətim kəsildi, lap bihal oldum,
O gedəndən gələmmirəm özümə,
Heyif, o qız bir də dəyməz gözümə!

Ləblərindən kim eyləyər görən nuş?
Bu səbəbdən könlüm olub dərdə tuş.
Mais Təmkin, ələ düşməz uçan quş,
Yüz seyr eylə, boylan göyün üzünə,
Heyif, o qız bir də dəyməz gözünə!