Ey əsili olmayan kəs! duya bilməzəsn məni
Soyda, kökdə,özüldə, əsildəyəm zatdayam

Məndə məni görməyə, səndə bir mənlik gərək
Oğulsan çıx yanıma, gör mən hansı qatdayam.

Keçmişdə köküm yaşar, gələcəkdə budağım
Hər ötən saniyədə, hər gələn saatdayam

Məni insan yaradan Allahıma min şükür
Qurana İncilə bax, Zəburda Tövratdayam.

Sürünənlə, uçanın yer göy qədər fərqi var
Məni ayaqda gəzmə, mən qolda qanatdayam

Adəmdən Nuhdan bəri yolçüsuyam yolların
Şər özünü yormasın, Haqqa çat ha çatdayam.

Səhraların qumuyam, dəryaların damlası
Yerdə mənəm göydə mən sonsuz kainatdayam

Gün kimi doğulanlar qarışır şəfəqlərə
Rəngimi solğun görüb sanma bata-batdayam

Canım qara torpağın, nəfəsim göylərindir
Qəbirdə yatsam belə, həmişə həyatdayam.