CANIMIZIN BOĞAZDAN  ÇIXACAĞI VAXT

                                             HƏLƏLİK MƏLUM DEYİL!!!… 

İnkişaf etmiş dövlətin əzəməti onun mədəniyyətindən, təhsilindən, səhiyyəsindən və apardığı siyasətlə bağlı xalqının maddi rifahından asılıdır. Görəsən, nefti – qazı ilə varlı yaşaya biləcək qüdrətə malik olan  Azərbaycan bu göstəricilərə cavab verirmi? Məncə kənardan nə qədər qollu – budaqlı ağaca bənzəsək də,  içərimizdən yeyildiyimizin heç fərqində deyilik. Onu da yaddan çıxarmayaq ki, sosial baxımdan xalqın maddi rifahı hər tərəfli təmin olunsa da, sağlamlıq yerində deyilsə, bu göstəricilər yaşam tərzi  demək deyil. Nə qədər elmin- texnikanın, mədəniyyətin inkişaf etdiyi əsrdə yaşasaq da, səhiyyədəki boşluqlar  insanların sağlamlığını yetərincə təmin edə bilmir. Müşahidə etsək istər yaşlı, istərsə də gənc nəslin əksəriyyətinin sağlamlığı natamamdır. Axı niyə? Çünki elmin  inkişafı səhiyyədə olan boşluqları daha qabarıq şəkildə üzə çıxarır. İctimayəti narahat edən məsələlərlə tanış olmaq üçün yolumuzu səhiyyə ocaqlarından salsaq, təəssüf doğurası hal budur ki, Azərbaycanda özəl klinikalar dövlət xəstəxanalarını kölgədə qoyub desək yanılmarıq. Bu yerdə hər hansı bir xəstəliklə mübarizəyə qalxan zavallı xəstələr göz önünə gəlir. Aydın  məsələdir ki, Azərbaycanda özəl klinikalara üz tutan xəstə vətəndaşların əli mütləq cibində olmalıdır, fərq etməz istər kasıb olsun istər imkanlı. Elə ki,xəstələrin ayağı dəydi klinikanın kandarına həkimə “salam” vermək üçün ən azı iyirmi-əlli manat pulu kassaya ödəməlidir. Həkimlə salam – kəlamdan sonra xəstəni daha hansı “rasxodlar” gözləyir, o xəstənin  son dərəcə bahalı müayinələrindən asılıdır. Yazıq xəstələr lazım oldu – olmadı yersiz yoxlamalardan keçdikcə düşünürlər, görəsən, həkimin yazdığı resept nə qədər pul tutacaq, görəsən dərmanları almağa pulum çatacaq yoxsa yox, mən bunları hansı apteklərdən tapacam? Amma sağlamlıq fədaisi olan həkimlərimiz xəstələrini heç dərd çəkməyə qoymur, birbaşa yonəldir faiz üçün əməkdaşlıq etdiyi firmaların apteklərinə. “ZAVALLI XƏSTƏLƏR” od qiymətinə aldıqları dərmanların xeyrini görə bilsə yenə dərd yarıdır. Heç bir nəticə görməyən xəstə  bu dəfə televiziyadan eşidir ki, xaricdən həkimlər gəlib,  vardan yoxdan çıxmasına baxmayaraq, üz tutur xarici həkimlərin qəbuluna ki, bəlkə indi nicat tapa. Əcnəbi  ölkələrdən gələn həkimlərdən söz düşmüşkən son zamanlar Azərbaycana təşrif buyuran həkimlərin sayı-hesabı yoxdur. Görəsən biz səhərdən axşama kimi  bu həkimləri reklam etməklə niyə  öz savadlı həkimlərimizi kölgə altında qoyuruq?  Görünür bu prinsip dövlətin səhiyyə ilə  bağlı olan siyasətidir və birmənalı deyil. “Gəlmə” həkimlər Azərbaycan səhiyyəsində olan boşluqları aydin görmürmü? Hansı  gəlmə həkim azərbaycanlı vətəndaşa doğması kimi münasibət göstərə bilər, özümüzünkü nə qədər pis olsa da, ətini (pulunu) yesə də sümüyünü çölə atmaz! Sadəcə duşdüyümüz vəziyyətdən istifadə edən xarici həkimlər Azərbaycanda “qaz” vurub qazan doldurmağa gəlirlər. Bu gəlişlərin  insanları soyub mənfəət  əldə etməkdən başqa xalqa heç bir xeyri yoxdur,   bəlkə az-maz vergisindən başqa.  Görəsən bu qədər “qara qızıl” kimi sərvəti olan dövlətin bu xırda pullara doğrudanmı ehtiyacı var?  Görəsən  bizim dövlətin  hər hansı xarici dövlətdə öz klinkalarını açmağa qüdrəti çatmırmı? Bu yerdə birmənalı şəkildə deyə bilərik ki, biz və ya qeyri dövətlər xarici dövlətlərin nəzdində klinka açmaq üçün cəhd etməz, ən azı ona görə ki, onlar öz xalqının savadlı həkimlərinə inanır və öz sağlamlıqlarını onlara həvalə edirlər. Düşünməyə dəyər, məncə  bizim həkimlər heç də xarici həkimlərdən savadsız, bacarıqsız deyil. Belə çıxır ki, heç bir xarici dövlət imkan vermir ki, onun vətəndaşının sağlamlığına başqa xalqın  həkimləri müdaxilə etsin, çünki  vətəndaşının sağlamlığına biganə deyil. Bəs biz niyə bunu düşünə bilməyib, millətin həm sağlamlığını, həm maddi rifahını yadlara etibar edirik? Başqa bir məsələ, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi Azərbaycanda da hər bir vətəndaşın tibbi sığortası olmalıdır. Vətəndaş heç olmasa ildə bir və ya iki dəfə tibbi sığorta hesabına fərq etməz, dövlət yoxsa özəl (çünki vətəndaş da bizimdir, klinika da) sağlam gələcək naminə müayinədən keçə bilməlidir. Belə olsa vətəndaşların başqa ölkələrə ayaq açmasına ehtiyac qalmaz, həm də xeyir özümüzə qalar. O ki qaldı, vətəndaşın maddi imkanına  yəqin dövlət tibbi sığortanı elə planlaşdıra bilər ki, vətəndaş işlədiyi idarədən və aldığı məvacibdən asılı olaraq istərsə dövlət xəstəxanasında, istərsə özəl klinkalarda müayinə və müalicə oluna bilsin. Son zamanlar Dövlət xəstəxanaları hər cür təmin olunmasına baxmayaraq, (mətbuatda hər gün dövlətin öz hesabına açdığı və hər cür avadanlıqla təmin etdiyi xəstəxanaları görür və eşidirik, bunlar yalnız kimlərəsə göstərmək və gözə kül üfürmək üçün deyilsə əgər) nədənsə dövlət xəstəxanalarında yenə hansısa müayinələr mümkün olmur, vətəndaş özəl klinkalara göndərilir, deməli, dövlət öz həkimini yetərincə təmin edə bilmədiyi üçün özəllərdən gələn faizin həkimin cibinə getməsi üçün şərait yaradır. Belə olan təqdirdə həm dövlətin gördüyü işlər qalır kölgədə, və yenə də vətəndaş həm maddi, həm də mənəvi zərbə alır. Axı niyə  və ya nədir məqsəd? Kimi qınayaq? Həqiqəti  axtarsaq, həkim də bu dövlətin nümayəndəsidir, o da dolanmalıdır. NİYƏ? NİYƏ axı, bizim həkimlər də maddiyat səbəbilə  öz vətəndaşına maddi zərər vura-vura öz həkim adına ləkə gətirir? Niyə dövlət tibb sahəsində belə özbaşnalığa şərait yaradır?  Mübaliğəsiz deyirəm, həkimləri xalq yox, dövlət yaşatmalıdır! Dövlət öz savadlı həkimləri üçün elə şərait yaratmalıdır ki, həkimin gözü xəstənin əlində olmasın. Həkimlər də üzərinə düşən məsuliyyəti dərk edərək, millətinin sağlmlığının keşiyində təmənnasız dayansın, xalqa xidmət etsinlər ki, gələcəyimiz olan nəsil sağlam yetişsin. Gələcək nəsildən söz düşmüşkən, heç fərqinə varan varmı, ümumiyyətlə Azərbaycanda nəsil artırmı niyə azalıb? Bu gün yeni ailə quranlar tək uşaqla kifayətlənir, maraqlıdır, NİYƏ?  Ana olmaq istəyən gənc ailə səhiyyədəki indiki qiymətlərlə bir övlad sahibi olmaq üçün  beş-altı min manatı göz önünə almalıdır ki, öz övladını qucağına ala bilsin. Heç təəccübləmək lazım deyil, əfsuslar olsun ki, min əzab əziyyətlə bir uşaq sahibi olan ailə, ikinci dəfə eyni vəziyyəti yaşamağı arzulamır NİYƏ…? Bu suallarla, başımız çox ağrıyacaq. Sizləri əmin edirəm. Çünki hər ötən gün bu sualların cavabıdır. İndi düşünün bizim xalqımızın sosial durumu hansı vəziyyətdədir. Bütün bunlar genefondumuzun tükənməsinə gətirib çıxarmırmı? Bəs niyə xəstələrimiz  İrana və sair yerlərə axın edir. Çünki insanlar az pula çox şey əldə etmək istəyir. Sağlamlığı naminə xərclədiyi pulun  nəticəsini  görmək arzusundadır. Məsələn qonşu dövlət İrana, və başqa xarici ölkələrə  ayaq açan  insanlar az miqdarda pulla yoxlamadan da keçir, həkimin yazdığı kefiyyətli dərmanları apteklərindən əldə edərək, yol pulu da daxil olmaqla az vaxt ərzində Vətənə geri dönür, müalicənin nəticəsini də görür. Bizdə isə vətəndaş hələ müayinə üçün girdiyi klinikada xərclədiyi pulu görəndə  başqa bir xəstəliyə də tutulub oradan çıxır. Nə vaxta kimi bu suallar cavabsız qalacaq? Danışanda ağızdolusu deyirik ki, Azərbaycan inkişaf etmiş dölətlərlə yanaşı Avropaya intiqrasiya edir. Çox gözəl, olmazmı Avropanın millət üçün, xalq üçün xeyirli olan  işlərinə intiqrasiya edək?! Xalqımın acınacaqlı vəziyyəti məni,  həm bir vətəndaş, həm də jurnalist kimi narahat edir.  Bu gün sözün, fikrin, mətbuatın azad olduğu dövrdə yaşayırıq. Bəzi  həmkarlarım sözün, mətbuatın azadlığından sui- istifadə edərək, şou biznesin alaq otlarını gündəmdə saxlamaqla qalmaqal yaradaraq qazanc əldə edirlər. Mən həmkarlarıma üzümü tutaraq bildirmək istəyirəm: Əslində, xalqımızın işıqlandırılası problemləri daha çoxdur. Gəlin əl – ələ verib bu məsələləri araşdırmaqla məşğul olaq! Yazılası, çözüləsi o qədər dərdlərimiz var ki…! Amma kənardan necə xöşbəxt, varlı görünürük. Lakin heçnə göründüyü kimi deyil. Bu gün xalqımız canı boğazında ilişib qalan, xırıldayan yarı ölü,  canlıya  bənzəyir. BU CANIN BOĞAZDAN NƏ VAXT ÇIXACAĞI HƏLƏLİK MƏLUMDEYİL!!!…