“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulan oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, iyunun 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildinin təqdimatı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildinin yeni elmi konsepsiya ilə hazırlanma zərurətindən danışıb. Akademik çıxışında ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsinə geniş yer ayırıb və bununla bağlı fikirlərinin təqdimatı keçirilən kitabın müqəddiməsində də yer aldığını qeyd edib. Həmçinin bildirib ki, kitab AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik institutları, Bakı Dövlət Universiteti və Azərbaycanda Atatürk Mərkəzinin birgə əməkdaşlığı sayəsində işıq üzü görüb. Kitabın hazırlanmasında üç prinsip – elmi, ümummilli və dövlətçilik prinsipləri əsas götürülüb. Bu kitab elmi ictimaiyyət və tədqiqatçılar üçün dəyərli töhfə olacaq.

Daha sonra “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildinin məsul redaktoru, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı məruzə ilə çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O, nəşrdə ümumtürk etnocoğrafiyasının nəzərə alındığını, milli istiqlal düşüncəsinə xüsusi yer ayrıldığını bildirib.

Qeyd olunub ki, nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan “Şifahi xalq ədəbiyyatı”na həsr edilib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposaqədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır. Şifahi xalq ədəbiyyatımızın ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla verilib. Ustad aşıqlara ayrıca oçerklər həsr edilib. Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşri məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunub, folklorşünaslarımız haqqında yığcam məlumatlar verilib.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev və Qəzənfər Kazımov, nəşrin məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər çıxış edərək təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildini folklorumuzun öyrənilməsi üçün mühüm elmi mənbə kimi səciyyələndiriblər.

Mənbə: https://azertag.az