Cavanın gülməsi qocaya xoşdu,
Gül, ay qızım, mən qocaya, bir də gül!
Xətt ağarıb, diş tökülüb, üz batıb,
Gülünc edib o xudaya, bir də gül!

Əlimdən çıxıbdı cavanlıq dəmi,
Qocalıq dağlayıb bütün sinəmi,
Qoymur düz danışam, əyib çənəmi,
Salıb mən nə hay-haya, bir də gül.

Bir vaxt cavan idim mən də sizin tək,
Deyərdim, açılıb çəmən, gül, çiçək.
Sevməzdim çirkini, gəzərdim mələk,
Etibarsız bu dünyaya bir də gül!

Mənimlə qəmlərə yarı olarsız…
Gözəlliyin intizarı olarsız…
Siz də bir gün qoca, qarı olarsız…
Bu gərdişə, bu fənaya bir də gül!

Düşkünə lazımdı verəsən quymaq,
Axşam ballı qaymaq, səhər qayğanaq;
Şirin camalından olarmı doymaq?
Etdiyim bu təmənnaya bir də gül!

Eşq ucundan oda yandı pərvanam,
Zəhmətdən qaçmıram, mərd doğub Anam.
Deyirdim, ov alan qoca tərlanam,
ŞƏMŞİR kimi qarçıqaya* bir də gül!

1953.

*qarçıqaya-alıcı quş adıdır