Şəfa EYVAZ.Seçmə şeirlər

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Yeri yoxdu

Ötən ömür zəhərdisə,
“Bal” deməyin yeri yoxdu.
Qara rəngə sığal çəkib
“Al” deməyin yeri yoxdu.

Dərd seldisə aparacaq.
Bənd-bərəni dağıdacaq.
Var deyilsə, yox olacaq.
“Ol” deməyin yeri yoxdu.

Özgəsini yarıdırsa,
Bütöv deyil, yarıdırsa.
Qəlbə düşən yaradırsa,
“Xal” deməyin yeri yoxdu.

Xoşbəxtlik bir nağıldısa,
Bir küləyə dağıldısa.
Getməyi son qərardısa,
“Qal” deməyin yeri yoxdu.

28.10.2016

***

Elə tez alışanam
Adicə bir xoş sözə,
Bir kiçik gülümsəmə,
Yüngül bir nəvazişə
Çiçək kimi boy verib
Günəşə boylanıram.

Elə tez alışanam,
Alışıram, yanıram…
İnsanlara inanıb,
Hər dəfə aldanıram.
Gizlədirəm özümü
Aldanmağı danıram.

Elə tez alışanam,
Həyat adlı bu nəsnə
Vursa da hey silləni
Körpəcə uşaq kimi.
Unuduram yenə də
Üzərinə qaçıram…

Elə tez alışanam
Alışıram hər şeyə.
Ağrıları udmağa
Özümdən pay ayırıb
Başqa dünya qurmağa.

Mən də belə dəliyəm…
Alışanam mən, qağa!
Öldürməz hər dərd məni
Alışdım yaşamağa,
Alışdım yaşamağa…

25.10.2016