Şəfa VƏLİYEVA.”Cavidanə təbəssüm”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr
Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Hüseyn Cavid

1. Ölümlə sevişmək arzusu

İndi özümə yaddır
Dəli hönkürtülərim…
Güzgüdəki qadını
Ölümə sürüklədim…

Dünyada ən dəhşətli,
O çılğın ehtirasın
Yapışmışam əlindən…
Gülürəm…
Xısın-xısın…

Bilirəm
Uçurumun
Ruhuma aclığını…
Şahzadəsi deyiləm
Şirin, məsum nağılın…

Bu gecə sevişməyi
Dadmaq arzusundayam…
Ölümlə sevişməyin
Bircə addımındayam…

Əlim üzülüb tamam
Həyat adlı zalımdan…
Nə yarım, nə də anam
Hali deyil halımdan…

Edam olunur günəş
Ayın xəyanətində…
Ümidlərim can verir
Ölümü öpməyimlə…

Öpülmək istəyirəm
Gecəni səhərəcən…
Sevişmək istəyirəm
Ölümlə…
Ölənəcən…

Bu sonuncu arzunun
Qarşısında dik durdum…
Həzz alan qürurumun
Qucağında uyudum…

2. Mən göy üzü deyiləm…

İçim günahla dolu…
Çölüm günahla dolu…
Qətledilmiş arzular
Çiynimdə ömür boyu…

Qarışıb hisslərimə
Əbədi yuxu eşqi…
Günah yağır gecəmə…
Günahım yuyur eşqi…

Gözlərim qan çanağı…
Saat gecənin beşi…
Yenə zülmət bağırır…
Ürəyimlə sevişir…

Hardadı bu ayrılıq?
Gəlib döysün sinəmi!
Eşitmirmi, ağlayır
Zorlanan eşq mələyi!

Ah…
Yenə də özüməm
Həm qatil, həm günahkar…
Mən göy üzü deyiləm,
Sevə məni ulduzlar…

Axır dodaqlarımdan
Damcı-damcı kəlmələr:
-Tanrı, keç günahımdan!
Tanrı, qoyma ölməyə!

3. İblis üçün epitafiya

Çiliklənən güzgümü
Gözümə sığdırıram…
Qucaqlayıb özümü
Səhərə aparıram…

Tanrı bağışlayandı…
Bağışladımı məni?
Şeytanı daşlayanda
Alqışladımı məni?

Yoxsa…
Yaranışımdan
Şeytan özüm olmuşam?
Ölümlə yarışanda
Finişə tez çatmışam?

Ağarır damcı-damcı
Üfüqdəki dan yeri…
Doğuşdan betər sancı
Axtarır ölüm yeri…

Can verir ehtirasım
Üzü səhərə doğru …
Ölümlü arzularım
Tək bircə ümid doğur…

Ümidə baş əyirəm…
Dərdə qəbir qazıram…
Qatil ehtirasımı
Ruhumda basdırıram…

Yazıram başdaşına
Ürəyimin qanıyla:
“Ömrümün yaddaşında
Ölüm də eşq sayılar…”

Həya baxışlarımda
Açıram bu səhəri…
Ah…
Narıncı dumanda
Cilvələnir şəhərim…

İblis də mən, mələk də…
İnsanam insan özüm!
Yaraşır hisslərimə
Cavidanə təbəssüm…

Şəfa Vəli (Gəncə)