Əziz MUSA.”Savaş”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Torpağa qayıtmaq istəyir hamı,
Torpağı qaytarmaq istəmir heç kəs..
Tüfənglər doludu, bəllidi düşmən,
Tətiyi çəkməyə yoxdu bir həvəs.

Hamının istəyi, arzusu ölüb,
Hamı ümidini göyə bağlayıb.
Bölənlər torpağı lap çoxdan bölüb,
Şəhidlər bu dərdi çoxdan ağlayıb.

Yalanlar, boş vədlər hələ diridi,
Hələ biri gedib, biri gələcək.
Qarabağ çoxuna gəlir yeridi,
Gələcək nəsillər bizə güləcək.

Sağalır yaralar tay yavaş-yavaş,
Məddahlar mədiyyə deməyindədi.
Bu necə davadı, bu necə savaş.
Axı bu millətin günahı nədi?

Biz ki bölünməyə öyrəncəliyik,
Hanı Babəklərin itən sevgisi.
Biz çoxdan düşmüşük qeyrət atından,
Təkcə sözlə olmur Vətən sevgisi.