Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam…
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən…
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı…
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı…

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki…
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi…

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca…

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol…
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uza qol…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi…

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən…
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi…

Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir…
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir…

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim…
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim…

Kiçik olmaq istəyirəm

Kiçiklərlə böyüklərin
arasında
pərdə olar…
Kiçiklərdə günah olmaz,
günah böyüklərdə olar…
Kiçiklərin qəlbi böyük,
böyüklərin
qəlbi kiçik…
Kiçiklərin eyni cürdür
çölü, içi…
Eyni cürdür beşikləri,
bəzəkləri…
Gizlənpaçdır ən məkirli
Kələkləri…
Maşınları, kuklaları
Əllərində
Oyuncaqdır,
Ürəkləri yazılmamış
Ağ varaqdır…
Uşaq kimi sadə, kövrək,
Nəcib olmaq
İstəyirəm…
İllərimi geri atıb,
Kiçik olmaq
İstəyirəm…
Böyüklərin içi bir cür,
Çölü bir cür…
Sözü bir cür, dili bir cür…
Ürəkləri bir qaranlıq
Meşə kimi…
Bir-birinə bənzəməyir
Nə ölüsü,
Nə dirisi…
Nə yaxşısı, nə yamanı…
Oyuncaq tək oynadırlar
Bu dünyanı…
Millətləri bələyirlər
Qana, şərə…
Milyonları sövq edirlər
Ölümlərə…
Yollayırlar vuruşlara
Fağırları,
Kasıbları…
Xırdaların çiynindədir
Yekələrin
Əzabları…
Böyüklərin hər şeyi var
Ürəyi yox,
Kiçiklərin qəlbdən özgə
Heç nəyi yox…
Böyük ayrı, kiçik ayrı,
Böyüklər kiçiyi saymır…
Böyük ayrı, kiçik ayrı,
Çoxu kimi nə padşah, nə şeyx,
Nə də hacı
Olmaq istəyirəm…
İllərimi geri atıb, kiçik olmaq istəyirəm…