“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

BÜTÜN ARZULARIN SAÇIMDA QALDI

bütün arzuların saçımda qaldı,
daraq tanımağı günah bilirəmв,
mən səni dünyanın gözündən saldım,
yolumu kəsəcək min “ah”, bilirəm.

açıq pəncərəndə rəqs edən pərdə,
qovuşmaz əlimin qırışlarına.
hədiyyə etmişəm səni bu dərdə,
sükutun yuvadır qu quşlarına.

bağışlama gedişimi, qadası,
üzü sənə tərəf iz qoymamışam..
sən olan şeirlər vicdan həyası;
bu gün qələmimi düz qoymamışam.

ADINI DEYİB GƏLMİŞƏM

Bir qədəh sevinc icmişəm
sağlığına… sağlığına…
Utanmayıb oynamışam
yoxluğuna… yoxluğuna…
Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına…
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına…
Bağışla… Ömrüm günahdı…
Batırma eşqi günaha…
Dilimdəki bu son “ah”dı…
Badədir, sağlığına…

* * *

sığındığım köşəyə
rəsmini Tanrı çəkmiş…
qorxma dərdim üşüyə,
dərdə qoxunu səpmiş…

Bəlkə unutdun sən də
mənim kimi o toyu?
bəxtmi unutdu səndə
o buxunu, o boyu?

saçındakı dənləri
bağla qızıl üzüyə…
göndər gələn-gedənlə
bəlkə ömrü bəzəyə…

* * *

bütün ayrılıqlar doğma…
bütün xoşbəxtliklər yad…
səninlə yaşanan hər nə varsa
adını qoymağa çalışma…
heç məndən də soruşma…
adı üstündə yazılı: HƏYAT…

bağırma, çağırma…
sükutunu qucaqla…
dərdini bas bağrına…
bir də görərsən ki,
qapın döyülür…
pəncərəndən pıçıltılar tökülür-
gecikmiş “Bağışla” adıyla…

yalan demirəm sənə…
İnanmasan da olur…
daha eynimə gəlmir
məni necə bilirsən…
daha əynimə gəlmir
“qadın nazı”… Bilirsən…

bütün səssizliklər haray…
bütün anlayışlar fəryad…
səninlə yaşanan hər nə varsa
adı üstündə yazılı: HƏYAT…

YARPAQ AYRILIĞI

Pəncərəmdən boylanır
Yaşılı getmiş yarpaq.
Baxışlarım xoflanır:
-Payıza kim qalacaq?

Yarpaq…Yarı yaşıldı,
Budağa yaraşırdı.
Fəsil-ömür yaşıdı…
Fəsil onu atacaq…

Bu da bir ayrılıqdı…
Rənglərə bulaşıqdı…
Dərdim hələ uşaqdı,
Payızla oynayacaq.