“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Məni əvəz etmək mümkünsüz bir iş,
Bunu heç xəyal da eyləməyəsən.
Çoxları keçəcək ömür yolundan,
Məndən başqasını əyləməyəsən.

Mənə bənd olubsa köksündə qəlbin
Heç kimi özünə yar edə bilməz.
Kimsənin yerini dar etməmişəm,
Kimsə də yerimi dar edə bilməz.

Mən belə təklikdən bezikmərəm heç,
Mənim də ürəyim birnəfərlikdi.
Ürəyi ürəklə ürəkləndirək,
Bu işdə qəlbimiz həm də şərikdi.

Var

Sənsiz gecələrə vərdiş etmişəm,
Həsrətə, hicrana məndə dözüm var.
Nazıyla oynadım ayrılıqların,
Vüsala tamarzı iki gözüm var.

Mənli-mənsiz, onlu-onsuz arzular
Qanıma susadı qansız arzular
Qar üstə yazdığım sonsuz arzular
Od üstə can verən neçə buzum var.

Sən nədən biləsən, nədənlər nədən?
Özün cavab çıxar “a”dan ya “be”dən
Gözümdə kölgəli o nurlu didən,
Məni sınaq etmə, məndə əzm var.

Qoyma darıxım

Darıxmaqla məşğul olub,
Darıxmağa qoyma məni.
Ümidlərim işğal olub,
Darıxmağa qoyma məni.

Həsrətinə qıyım gedim,
Süzülsə də, suyum gedim,
Lap qoy səni qoyum gedim,
Darıxmağa qoyma məni.

Qoy çaşdırıb duruxdurum,
Dolaşdırıb karıxdırım.
Qoy mən səni darıxdırım,
Darıxmağa qoyma məni.

Durnaların doğrusu ol,
Vurnuxanın ağrısı ol.
Sənsizliyin oğrusu ol,
Darıxmağa qoyma məni.

Bir qız

Bir qız vardı bizim kənddə
Mənim kimi gözü qara.
Sənə olan sevgisindən
Bənzəyirdi üzü qara.

Bir qız vardı qarabəniz
Üzündə xal düzümləri.
Yetişməmiş kim dərmişdi
Tənəkdə kal üzümləri?!

O qız bircə addımıyla
Ürəyini tərk elədi.
Qovuşmağa gücü çatmaz,
Ayrılığa ərk elədi.

Sən gələndə həmin qızın
Sevgisi sevgiyə döndü.
O dinə gəlməyən qızın
Dilində sən oldun andı.

Bir qız vardı bizim kənddə
Reyhan kimi gözü qara.
Gülü, narı yığıb getdi
Sizin kənddən səmalara.

Bir dünya

Mən sənə dünyanı bağışlayardım,
Sən mənə bir dünya bağışlasaydın.
Gözümü yoluna baxışlayardım,
Ömür yollarımı naxışlasaydın.

Sən mənə bir dünya bağışlasaydın,
Mən sənə dünyanı bağışlayardım.
Gözümdə eşqimi alqışlasaydın
Özüm eyləyərdim baxışla yardım.

Sevgimdən su içdin gözün doyunca,
Səmadan yerlərə yağışladınmı?
Sənə səma verdim dünya boyunca
Sən mənə bir dünya bağışladınmı?!