Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Bəlkə sən axtardığın o utancaq adamdı,
Ancaq yoxdu xəbərin,keçib getdin yanından.
Bir yelkənsiz gəmidi,nə vaxtdı yol axtarır,
Azıb səhərə bir ömrün ümmanında.

Hələ də gözlərindən ürəyinə yol çəkir,
Hələ də bir nağılın laylasına uyuyur.
Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,
Evinin divarını gözünün yaşı yuyur.

Əyirib kipriyində əzabını,dərdini,
Barama qurdu kimi özünə tor toxuyur.
Asılıb ayağından, səhərəcən oyaqdı,
Bir tənha anadildi,ürəyində oxuyur.

Bəs məni kim tanıyar bu səs-küyün içində,
Bilmirəm, kimə doğma,bilmirəm kimə yadam.
Bəlkə elə itmişəm,min ildi xəbərim yox,
Bəlkə elə kiminsə axtardığı adamam…