Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi də koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq #Evdəqal çağırışı ilə insanları evdə qalmağa və həyatlarını xilas etməyə çağırır. Bu çağrışa qoşulan Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını həyata keçirir. Qeyd etməliyik ki, səsimizə səs verərək, öz əsərləri ilə aksiyaya qoşulalan şair və yazıçıların sıraları artmaqdadır.

“Gəlin gələcəyi birgə qoruyaq”  şeiri ilə ilk dəfə aksiyaya qoşulan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı Əfəndiyeva Solmaz Ədhəm qızı (Solmaz Elqızı) növbəti “Hələ sağlam həyata dönmək də var” şeirini oxuculara ərmağan edir. Yazar səbrlə evdə qalaraq, yazıb-yaratmaqla sağlamlığı qorumağın vacib olduğunu vurğulayır.

                Hələ sağlam həyata dönmək də var

Evdə qalıb, evdə yarat dedilər,

Sözlərinə şəkər, bal qat dedilər.

Daha xoşbəxt günlərə çat dedilər,

Evdə qalıb, evdə yaratmaq da var.

Evdə qalıb çox-çox işlər görmüşük,

Hər məqamı daha doğru çözmüşük.

Zənn etməyin evimizdən bezmişik,

Evdə qalıb, evdə yaratmaq da var,

Hələ sağlam həyata dönmək də var.

Günlərimiz bir-birindən maraqlı,

Gözləyirik xəbərlər xoş soraqlı.

Sözümüz bol, əlimizsə varaqlı,

Evdə qalıb, evdə yaratmaq da var,

Hələ sağlam həyata dönmək də var.

Gəlin qədrin bilək hər keçən anın,

Gərəkdir olmalı sağlam bir canın.

Bununçün a dostlar, siz evdə qalın,

Evdə qalıb, evdə yaratmaq da var,

Hələ sağlam həyata dönmək də var.

Şeiri müəllifin ifasında aşağıdakı linkdə də izləyə bilərsiniz: