“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Gecə saat on iki

Axşam çağı küçələr
Tərk edilmək üçündü.
Üşüyən oturacaqlar
Əyninə xəzan geyir.
Göy üzündə yarım ay
Yarim gecə lampası.
Küləklər yelləncəkdə…
Aya, ulduza dəyir.
Ayrılığın bir ucu
Bu sarı qıza dəyir.
Sən də getdin, əzizim,
Eh! Elə onlar kimi.
Elə küçə kimiyəm,
Yıxılan yollar kimi.
Əllərim çətir olmur,
Yanağımı su aparır.
Indi sənin xəyalını
O aparır, bu aparır.

Gözlərimdə buludlaşan damcılar
Ürəyimin havasını qaraldır.
Küçələri boşaldıblar evlərə…
Tanrı, sənin yerin göydü, uzaq dur.

Günəş batır, külək əsir, yağışdı,
Pəncərəmə dəyib düşür hava da.
Ha deyirəm gözlərini yığışdır,
Ürəyim heç söz götürmür davada.

Sən də belə gedər oldun, eybi yox,
Alışaram eh, nə böyük dərddi ki,
Tanrı göydən zilləmişdi gözünü,
Bu ayrılıq açıq cinayətdi ki.