“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Nə vaxtsa bitəcəkdi,
Bir az tez oldu, olsun.
Mən də nəsə öyrəndim,
Mənə dərs oldu, olsun.

Ürəyimi gözümə
Süzən deyiləm daha.
Getmisən, seçim sənin,
Küsən deyiləm daha.

Gözlərinə günəş qoy,
Ürəyini qar saxla.
Məndən aldığın ömrü
Götür yadigar saxla.

Durub güzgüyə baxdım,
Əl gəzdirdim saçıma.
Dedim ki, “innən belə,
Bir də göz yaşı olmaz”
…Bapbalaca ümidlə
Bu boyda xəyal quran
Məndən başqası olmaz.
Sonra səni düşündüm,
Sonra sən deyənləri.
Bir xəfif külək əsdi
Onda könlümdən bəri.
Gördüm ki, sən duyduğun
Mən duyduğun hiss deyil.
Nəfəs bilib sevdiyin
Əslində həvəs idi,
Mənimki həvəs deyil.
Axşam düşdü pəncərəmə
Gec oldu, gecə oldu.
Ürəyim də qısaldı,
Elə sənin adın kimi
İkicə heca oldu.
Nə sən, nə mən,
Nə ikimiz…
Bu eşq
Heç-heçə oldu.