This image has an empty alt attribute; its file name is necibexanim-300x300.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Yaşada bilmədim sənsiz dünyamı,
Gəl mənə yenidən zülüm ver, zülüm.
Yaşamaq nə qədər şirin olsa da,
Mənə öz qoynunda ölüm ver, ölüm!

Demə ki, gəncliyim ötüb keçibdi,
Qəlbim həsrətindən şərbət içibdi,
Ürəyim tək səni həmdəm seçibdi,
Vüsaldan bir azca dilim ver, dilim.

Qaçmaq istəyirəm…
Məni gözündən asan tənhalıqdan.
Boynumda dəyirman daşı kimi fırlanıb
məni boğan haqsızlıqdan…
İllərlə yerdə qalıb yanı göyərmiş arzulardan
Mənə qucaq açan bulud-bulud xəyallardan.
Qaçmaq istəyirəm…
Ürəyimi uçuran yad baxışlı hislərdən
Mənə yalan sevgi bağışlayıb
Üzümə yaxşı deyən pislərdən.
Ürəyində saxtalıq yaşadıb
üzdə saflıq gəzdirmək istəyənlərdən…
Qaçmaq istəyirəm…
Qəlb oğrularından,
talanmış ürəklərə min sifətlə yer tapıb
girmək istəyənlərdən.
Özünü dəryada hiss edib köpək balıq kimi
bir anda səni udmaq,
Onsuz da qırılmış arzularını,
incilərini yenidən darmadağın edib
səni tale burulğanında qərq etmək istəyənlərdən…
Qaçmaq istəyirəm…
Yad fikirli, özgə baxışlı doğmalardan,
İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan.
Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq,
könül evimə kül üfürənlərdən.
Qaçmaq istəyirəm, qaçmaq…
Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim
Arxamca gəlməyin ey yolda-irizdə düşüb itən dərdi-sərim.
Qoyun bir az dincəlim…