Azərbaycanlı şairə Xəyalə SEVİL.Yeni şeirlər (II hissə)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Fərqanə xanıma…

-Quşmu olub uçub getdi?
-Qanadları ki, ruhudu.
Nə üzü var, nə səsi var,
Oyandığımız yuxudu.

-Ordasanmı ev yiyəsi?
-Ürəkmi var döyünəsi?
Boş bədənə geyinəsi
Heç quru canı yoxudu.

Yaşdı yanağımı döyən,
Ey ruhu göylərə dəyən.
De: “Torpağın bətnindəyəm
Tanrı yazdı, o, oxudu.”

***

Sağ olsun ürəyim də
Xatırladır özünü.
Hərdən bir sancı tutur,
Elə bil ki, sinəmə
Çıxıb atır özünü.
Tanrı işini bilir,
Gözlərimi kuzə verib.
İz itirib qaçıb göyə,
Amma gəl ki, taleyimdə
Özünü biruzə verib.
Sən də məndən uzaq durdun,
Gəlmə, bir də uzaq dur.
Mən özümü
Götürdüm bu oyundan.
Tək oynamaq yasaqdır.