Azərbaycanlı şairə Xəyalə SEVİL.Yeni şeirlər (I hissə)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Yanağım torpaq deyil,
Suyu özünə çəksin.
Mən Günəş istəyirəm,
Ayı özünə çəksin.

Sən də məni bahar san,
Baxıb güllü donuma.
Özümə sadiq qalım,
Eh! Tanıma, tanıma.

Hər ayrılığın sonu
Beş-altı şeir qədərdi.
Hardan baxsaq bu sevgi
Bir ayrılıq edərdi.

Xəyallarım rəngli dualar kimi
Çatacaq göy üzünə.
Bir gün Tanrı eşidəcək səsimi,
Bir gün Tanrı boylanacaq səsimə.
İndi mənə hamı yaddı,
İndi mən hamıya yadam.
Dünya boyda ev-eşikdə
Ev-eşik tapmayan adam.
Gözüm gözləmə salonu,
Başımı qatıb durmuşam.
Bir gün Tanrı gələcək…
Bədənimin sol küncündə
Qırmızı çadır qurmuşam.