Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Necə də qəşəngsən, vurğunam sənə,
Sən ki, bir gözəllik ilahəsisən.
Baxmaqdan doymuram o gül hüsnünə,
Sən sevgi çələngi, eşq nəgməsisən.

Könlümü oxşayır gül üzün sənin,
Çirindi gülüşün, baldı dodağın,
Elə bil nəğmədir, xoş təbəssümün.
Vallah tamaşadı alma yanağın.

Sanki günəş gülür gül camalında,
Gözlərin can alır od-alovuyla.
Nurlu bir Günəşdi qara xalın da.
Sən bəhsə girirsən Günəşlə, Ayla.

Tanrının sevimli bir bəndəsisən,
Üzü qələm çəkib o göz, qaşına.
Elə Ay da sənsən, elə Gün də sən,
Ulduzlar dolanır sənin başına.

Şəfəqlər süzülür, baxışlarından,
Yaradan heyrandı öz mələyinə.
Yoxdu bu dünyada o göz, qaşından,
Heyranam gözəlim, gözəlliyinə.