Nemət Tahiri doğum günü münasibətilə təbrik edirik! (27 avqust 1987-ci il)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Həyat yükü

Bir an olsun, ana haqqı,
Onda seçər tükdən-tükü.
Boynumuzda ana haqqı,
Çiynimizdə övlad yükü.

Yer üzünə kədər yağır.
Kəndir nazik, yüküm ağır.
Çiyinlərim oldu yağır.
Nə ağırmış həyat yükü.

Yerə,göyə sığmaz insan,
Nəfsə uyar, doymaz insan,
Son mənzilə gedər insan,
Varı, yoxu bir at yükü.

* * *

Brilyant, cəvahir, qızıl,
Özünü asıb intihar edir.
Sanki dar ağacıdır qadın qulağı.
Uşaqdan böyüyə hər kəsin yeri
Bələkdi, beşikdi, hüzurdu, sevgidi
Sığaldı qadın qucağı
Dünyanı dəyişər hər kəlməsi…
Kişini yaşadar, öldürər…
Hakimdi, cəlladdı, həkimdi, dərmandı
qadın dodağı…
Hara getsə, cənnəti aparar ora
Dinclikdi, ruzidi, bərəkətdi, ocaqdı,
qadın ayağı…
Bəzən günəş doğar üzündə
Bəzən bulud ağlar üzündə
Sevgi, nifrət, ümid, qayğı, məhəbbət…
Nə istəsən, yaparsan, taparsan
gözlərində…
Udur kədəri, qurudar göz yaşını…
Solmadın, solmasın qadın yanağı…

Cavabsız sevgi

Nazını çəkməyə hazırdım hər an
Çünki mənasızdır əzabsız sevgi
Ancaq ki, insanı bir ağac kimi
İçindən çürüdür cavabsız sevgi

Yanımda olsan da, mənə uzaqsan
Hər yandan üstümə həsrət çilənir
Baxışın bənzəyir ölüm hökmünə
Gözündən üzümə nifrət çilənir

Sanmaki, hər işin doğrudur, düzdür
Ömrünü puç edər əyrilər bir gün
Sevgimə gülərək alçaltma məni
Nifrətin sevgiyə çevrilər bir gün

***

Çəkilməyən,dözülməyən,
Dediyiniz o dərd mənəm.
Qova-qova namərd edib
Söydüyünüz o mərd mənəm.

Özümə də bir az yadam.
Bir az suyam,bir az odam.
Həm küləyəm,həm torpağam.
Bildiyiniz o dörd mənəm.

Dostu azdır,düşməni çox
Qarnı acdır,gözləri tox
Kölgəsinə güvəni yox
Yalquzağam,bozqurd mənəm.

Qan qoxuyur çiçəkləri.
Kəfənsizdir şəhidləri.
Kimsəsiz “ruhlar şəhəri”-
Gördüyünüz o yurd mənəm.

Mətbuat xidməti