Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru


Bu gün həmin Xocalıyam…
Heç dəyişməmişəm.
Həmin küyüm, həmin səsim,
Kəsilməyib nəfəsim.
Tökülən qanım yerində,
Solan arzularım
dağımda, daşımda,
Geydiyim qan yaddaşımda.
Qaysaq bağlamayan
yaralarım çat verir.
qanı dayanmır.
Bu ah-nalədə uyuyub yatan
kəslər görəsən niyə oyanmır?!
Süngüyə keçirilmiş körpə fidanlıyam,
Şəhid qanlı Xocalıyam…
Hər gecə sinəmdəki
Qan dənizində boğuluram.
Hər gün sinəmdəki axan
qanla doğuluram.
Qara örpəyimi çəkib başıma,
Güc verirəm göz yaşıma…
Hıçqırtılarımı eşidən yox,
Dərdlərimə ikicanlıyam..
Mən həmin Xocalıyam.
Hardasınız,
ey məni ayaqyalın, başıaçıq
köksü yaralı, can üstə
Qoyub gedənlər?!
Hardasınız?
Mən süngülərə keçirilən,
Ümidi, inamı daş altında gizlədilən,
Ömrü qanlıyam…
Həmin Xocalıyam!
Körpə fidanları doğranmış,
Ümidləri talanmış,
Haqqı, ədaləti,
Arzusu gözündə qalanmış,
Qan ünvanlıyam,
Həmin Xocalıyam.
İyirmi yeddi ildir sizi gözlərəm.
Qanımla yeri, ahımla göyü bəzərəm.
Günün batan şəfəqində,
Ayın qövsi haləsində,
sizi gəzərəm.
Artıq 27 yaşım var…
Körpə deyiləm,
Kiminsə qabağında sınam, əyiləm.
Bir igid ərənəm,
Şəhid əsgərəm.
Bu gecə qanımı almaq istərəm,
Silahım köksümdə fışqıran,
Şəhid qanı….
Tanı məni, yaxşı tanı!