This image has an empty alt attribute; its file name is 13254264_124476751303476_6406219800299273279_n.jpg

Yeri, göyü bürüdü ah, nalə səsi, o gün,
Bir şəhər dağıdıldı, viran oldu, büsbütün,
İgidlər candan keçdi, el üçün, Vətən üçün,
Su yerinə axdı qan, o gecə Xocalıda.

Əsir qızlar, gəlinlər ağladı sübhə qədər,
Al, qırmızı geyindi açılan qanlı səhər,
Qalmadı o şəhərdə, qalmadı bircə nəfər,
Alışdı ruh, yandı can, o gecə Xocalıda.

Diksindi dağ da, daş da, güllərin səsindən,
Qan püskürdü bir an da ,dağların sinəsindən,
Qaçan çıxa bilmədi, düşmən əhatəsindən,
Quruldu qanı divan, o gecə Xocalıda.

Bir köməyi olmadı, bir arxası olmadı,
Səsi ərşə ucaldı, daş üstə daş qalmadı,
Göylər də bu haraya, haya nəzər salmadı,
Kimsəsiz qaldı insan, o gecə Xocalıda.

Çapaladı, sızladı, sübhə qədər qız, gəlin,
Qocalar fələklərə yalvarıb, açdı əlin,
Kəsdilər körpələrin ana söyləyən dilin,
Vermədilər bir aman , o gecə Xocalıda.

Xain qonşularımız arzu, kamına yetdi,
Cəlladların qəlbində insaf, mürvət yox idi,
Qarabağın açarı, qapısı əldən getdi,
Toy, bayram etdi şeytan, o gecə Xocalıda.

Nahaq əli qılınclı, haqqın batmışdı səsi,
Ölənlərin o gecə yox idi bir kimsəsi,
Düşmən kəsib, tökürdü, düşünmədən hər kəsi,
Yox idi ümid, güman, o gecə Xocalda.

Qar, şaxta bir tərəfdən, cəlladlar bir tərəfdən,
Yox idi bir haraya, yox idi ,haya gələn,
Güllələr dolu kimi yağırdı göydən, yerdən,
Yolu tutmuşdu duman, o gecə Xocalıda.

Körpələrin naləsi göylərə ucalırdı,
Bu ölümdən, bu qandan yağı ləzzət alırdı,
Qradlar, alazanlar yurda lərzə salırdı,
Çox oldu ölüb qalan, o gecə Xocalıda.

Qan içində boğuldu, Qarabağda bir şəhər,
Dinib danışmaq olmur, boğur adamı qəhər,
Köməyə yetişmədi, Bakı tutsa da, xəbər,
Başladı qanlı talan, o gecə Xocalıda.

Əli yalın adamlar, qaldı düşmən əlində,
Qeyrət heykələ döndü, Pənah xanın elində,
Vətən kəlməsi dondu, bu millətin dilində,
Ayaq açdı şər, yalan, o gecə Xocalıda.

Heç bilmirəm fələklər, o gecə hara baxdı,
Qarabağın gözünün yaşı sel kimi axdı,
Şəhid oldu bir şəhər, əsrin , günü bu vaxtı,
Susdu vaxt, susdu zaman, o gecə Xocalıda.