Azərbaycan Yazıçılar Birliyinin üzvü

Döşündən süd verib doğma anatək
Bizi əzizləyib bəsləyir torpaq.
Açır qucağını nəvaziş ilə,
İşıqlı sabaha səsləyir torpaq.
 
Soyuqdan, istidən, oddan qoruyur,
Xaindən, namərddən, yaddan qoruyur,
Ləkədən, gərəksiz addan qoruyur,
Hara gediriksə izləyir torpaq.
 
Torpaqda çiçəyin, gülün ətri var,
Torpaqda məhəbbət, həyat sətri var.
Sən ona sadiq ol, göstər etibar,
Hər vaxt yolumuzu gözləyir torpaq.
 
Ulu babaların əmanətidir,
İnsanın xoş günü, səadətidir,
Əbədi məbədi, ziyarətidir,
Bizə çox hikmətlər söyləyir torpaq.