Dərd yumağı sarıram,
May gələndə dağlara.
Anam yadıma düşür,
Vay gələndə dağlara,
May gələndə dağlara!

Açmır çiçək, solur gül,
Qan ağlar dəli könül.
Oxumur sarı bülbül,
Qıy gələndə dağlara,
May gələndə dağlara.

Guruldamaz göylərim,
Çiçək açmaz yerlərim.
Susar tütək, neylərim,
Toy gələndə dağlara,
May gələndə dağlara.

Nə dağlar yaşıl geyər,
Nə bağlarda meynələr.
Bənövşə boynun əyər,
Yay gələndə dağlara,
May gələndə dağlara.

Çən-dumana bürünməz,
Ayağına sürünməz.
Nərimanoğlu görünməz
Bu ay gələndə dağlara,
May gələndə dağlara