Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Yavaş-yavaş alışırsan hər qəmə,
Adilləşir sol qolunun ağrısı.
Yavaş-yavaş gözdən düşür ömür-gün,
Deyirsən ki…
Ürəkdi də,qoy ağrıyır-ağrısın…

Qoy sevinsin qeybətini qıranlar,
Gülə-gülə gəl hamını yola ver.
Xatirələr göz yaşında durulsun,
Külə dönən ümidləri yelə ver!

Eh…kimə nə ağlayırsan, gülürsən,
Bəlkə elə unutmusan adını.
Bu gecə də tənhalıqdı qonağın,
Çıxardırsan darıxmağın dadını.

Açıq qalıb səhərəcən pəncərən,
Qəfil yağış pərdələri isladıb.
Gözlərinə düşən gündən oyandın,
Bu sabah da öz-özünü aldadıb…

Aman Allah saat səkkiz otuzdu…
Di qaç görüm,birinci dərs başladı.
Səbrin çatmır bir stəkan çaya da,
Bu günün də heyif….çox nəs başladı…

Lap beləsə,kefini də pozma heç,
Dərd eləmə,keçib gedər hər nə var.
Təbəssümün işıq tutsun yoluna,
Ötəridir,keçəridir ağrılar…

Eh…bu gün də baş-başasan özünlə,
Bir az kövrəl,gəl özünü dilə tut.
Göz yaşınla buludları şad elə,
Kədərini çiçəyə tut,gülə tut.

Bu günü də bax beləcə yola ver,
Ötüb keçər bu dumanlar,bu çənlər.
Hər adamın sevinməyə haqqı var,
Qoy sevinsin inciyənlər,küsənlər.