XOŞ GƏLİB

Qapını bağlaram dərdin üzünə,
Könlümün nisgili, qəmi xoş gəlib.
Saralmaq sünbülün yetişməsidi,
Ömrümə saralmış zəmi xoş gəlib.

Sevinc birhəftəlik, biraylıq ola,
Sevinmək sarıdan subaylıq ola.
Bir göz yaşım ola, bir yaylıq ola,
Silmərəm, gözümün nəmi xoş gəlib.

Mən üçün, yeddinin, qırxın yasıyam,
Dünyadan gedənin könül pasıyam.
Kədər ümmanıyam, qəm dəryasıyam,
Qoynumda üzməyə gəmi xoş gəlib.

Tutqun baxışların dəni, Zəlimxan,
Dəyirman dünyanın dəni, Zəlimxan,
Küsmə, yer udanda səni, Zəlimxan,
De, haqqın fürsəti, çəmi xoş gəlib.